10.08.2015

Təhsil Nazirliyi tərəfindən SABAH qruplarının tələbələri üçün Böyük Britaniyanın London şəhərində yay məktəbi təşkil olunub.

Yay məktəbi çərçivəsində SABAH tələbələri EF beynəlxalq dil məktəbinin intensiv ingilis dili kursunda iştirak ediblər. Kursun məqsədi savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişməsinə bilavasitə şərait yaratmaq, əmək bazarının artan tələblərinə müvafiq olaraq SABAH tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirmək və onların dünyagörüşlərinin genişlənməsinə dəstək vermək olub.
İntensiv kurs müddətində hər bir iştirakçıya individual kurikulum əsasında ümumi ingilis dili tədris edilib. Dərslər interaktiv müzakirə, mühazirə, “online” test və praktiki tapşırıqlar üzərində iş şəklində aparılaraq tələbələrin ingilis dilində akademik yazı, oxu, danışıq və dinləmə qabiliyyətlərinin paralel olaraq inkişafını təmin edib. İki həftəlik kursun sonunda tələbələr imtahanda iştirak edərək sertifikat alıblar.
Tələbələr tədrisdənkənar saatlarda debat klubuna, inşa müsabiqəsinə, film müzakirəsinə cəlb olunublar. Onlar Londonun Viktoriya və Albert muzeyi, Elm muzeyi, Təbiət tarixi muzeyi, Müqəddəs Pol kilsəsi, Madam Tüsso muzeyi, Parlament binası (The House of Parlament), Biq Ben, Bukinqam sarayı, Hayd park, Müqəddəs Ceyms parkı, Qrinviç meridianı, Milli Qalereya və digər tarixi-mədəni yerlərə baş çəkiblər.
Müxtəlif ölkələrdən olan insanlarla tanışlıq və ünsiyyət SABAH tələbələrinin dünyagörüşlərinin və ünsiyyət qabiliyyətlərinin inkişafına böyük dəstək olub. 

Açar sözlər: ,