Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ilinə hazırlığı barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Ötən tədris ilinin nəticələrinin təhlili və 2025-2026-cı tədris ili üçün ümumi təhsil pilləsi üzrə hədəflərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) 2025-ci ilin iyul ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinin 2024-2025-ci tədris ilinin yekunlarına dair hesabatlarının yerlərdə dinlənilməsini təmin etsin.
2. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) 2024-2025-ci tədris ilinin yekunlarına dair Agentliyin və yerli bölmələrinin hesabatlarını 15 iyul 2025-ci il tarixinədək Elm və Təhsil Nazirliyinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) 2024-2025-ci tədris ilində həyata keçirilmiş monitorinq və buraxılış imtahanlarının nəticələrini təhlil edərək yekun hesabatı Elm və Təhsil Nazirliyinə təqdim etsin.
4. Elm və Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsil şöbəsi (Çapay Məmmədov), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) 2025-2026-cı tədris ili üzrə hədəflərə dair təklifləri 05 avqust 2025-ci il tarixinədək Elm və Təhsil Nazirliyinin rəhbərliyinə təqdim etsin.
5. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) 2025-2026-cı tədris ilinin hədəflərinin təqdimatı və müzakirəsi məqsədilə 01-05 sentyabr 2025-ci il tarixlərində təhsil işçilərinin 2025-ci il üzrə sentyabr konfransının plenar müşavirələrini keçirsin və plenar müşavirələrdə irəli sürülən təklifləri ümumiləşdirərək 10 sentyabr 2025-ci il tarixinədək yekun təsdiq üçün Elm və Təhsil Nazirliyinə təqdim etsin.
6. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) plenar müşavirələrin keçirilməsi ilə bağlı zəruri təchizat məsələlərini təmin etsin.
7. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini, habelə hesabatların və sentyabr konfranslarının gedişatının KİV-lərdə işıqlandırılmasını təmin etsin.
8. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
2 iyul 2025-ci il
3-29/3-2-419F/2025
