Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
Təhsil Tələbə Krediti Fondu
Təhsil Tələbə Krediti Fondu təhsilin əhatə dairəsini genişləndirmək, təhsilə əlçatanlığı təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
Təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin (dövlət, özəl, xüsusi təyinatlı və xarici təhsil müəssisələrinin Bakı filiallarında) ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani təhsil alan və yeni qəbul olmuş tələbələr üçün nəzərdə tutulub.
Təhsil tələbə kreditləri illik 2 faiz dərəcəsi ilə verilən Sosial TTK və illik 6 faiz dərəcəsi ilə verilən Standart TTK olmaqla iki növə ayrılır. Kreditin qaytarılma müddəti 10 ildir. TTK-dən yararlanmaq istəyən tələbələrdən zaminlik və girov tələb olunmur, təhsil müddətində TTK-nə heç bir faiz hesablanmır və kreditin geri qaytarılması da tələb olunmur.
Təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 25 noyabr 2021-ci il tarixindən 30 noyabr 2022-ci il tarixinədək Fonda 17 000-dən çox tələbə müraciəti daxil olub.
2022-2023-cü tədris ilinin payız semestri üzrə 7 000-dən çox tələbə müraciət edib, onlardan 4265 nəfər tələbənin müraciəti rəsmiləşdirilib. Həmin müraciətlər üzrə 1641 nəfər sosial TTK, 2624 nəfər isə standart TTK-dan yararlanıblar.