Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.
2. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilsin:
2.1. Müsabiqənin ilk mərhələsi 2021-ci ilin mart ayında rayon və şəhərlərdə;
2.2. ölkə mərhələsi aprel ayında Bakı şəhərində keçirilsin.
3. Müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:
3.1. Bakı şəhərindən – 12 nəfər;
3.2. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan– 2 nəfər;
3.3. digər şəhər və rayonların hər birindən – 1 nəfər;
3.4. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki təhsil müəssisələrindən və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə – 5 nəfər.
4. Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi (R.Tağıyev) Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən müsabiqənin ölkə mərhələsində iştirak edəcək şagirdlərin seçilməsini təmin etsin.
5. Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müsabiqənin ilk mərhələsinin epidemioloji vəziyyət nəzərə alınmaqla təşkili üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar, müvafiq meyarlar əsasında iştirakçıları qiymətləndirib qaliblərin adlı siyahısını (SAA, oxuduğu məktəb, sinif və tədris dili) və ölkə mərhələsində qiymətləndirilmək üçün təqdimatlarının videoyazısını mart ayının 31-dək Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinə təqdim etsinlər.
6. 2021-ci ildə müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil edilsin (1-ci əlavə). Ölkə mərhələsində hər bir iştirakçının təklif edilən mövzulardan biri üzrə çıxışının videoyazısının işçi qrupunun üzvləri tərəfindən qiymətləndiriləcəyi nəzərə alınsın.
7. Müsabiqənin ölkə mərhələsi iştirakçılarının təqdimatlarının qiymətləndirilmə meyarları və qiymətləndirməni aparan işçi qrupunun tərkibi təsdiq edilsin (2 və 3-cü əlavələr).
8. Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.
9. Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (V.Yaqublu) müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 gün müddətinə hazırlayıb rəhbərliyə, müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
10. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
11. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin epidemioloji vəziyyətdən asılı olaraq müvafiq formada təşkili, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
12. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
13. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin əlavələri ilə birlikdə müvafiq struktur bölmələrə və yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.
14. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
10 mart 2021-ci il
F-76
Əlavələr: