“Sabahın alimləri” XI Respublika Müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəaliyyət planı və Təhsil Nazirliyi ilə tərəfdaş təşkilatların 21 yanvar 2022-ci il tarixli Q-01 nömrəli birgə Qərarına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar “Sabahın alimləri” XI Respublika Müsabiqəsi cari ilin 14-21 fevral tarixlərində Bakı şəhərində onlayn keçirilmişdir. Müsabiqə İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi olmuş, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Mingəçevir, Naxçıvan Muxtar Respublikası, Abşeron, Gəncə, Asrata, Lənkəran, Cəlilabad, Quba, Qax, Biləsuvar, Şəki, Şirvan, Balakən, İsmayıllı, və Ucarda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər.
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı onlayn həyata keçirilmişdir. Elektron qeydiyyatdan keçirilmiş 247 layihədən müsabiqədə 192 layihə ilə 326 şagird iştirak etmişdir. Bu layihələrdən 58-i fərdi, 134-ü isə kollektiv işlənilmiş layihələr olmuşdur.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılmışdır. Qiymətləndirmə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə üzrə 84 şagird, o cümlədən I yerə 7 layihə üzrə 12 şagird, II yerə 16 layihə üzrə 30 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülmüşdür. Qaliblər sırasından İSEF-də iştirak etmək üçün 7 layihə (12 şagird) seçilmişdir.
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr, müsabiqə iştirakçılarına isə müsabiqənin sertifikatları və medalları təqdim ediləcək.
Qeyd olunanları nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. 14-21 fevral 2022-ci il tarixində “Sabahın alimləri” XI Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərinin siyahısı təsdiq edilsin (əlavə 1).
2. Təşkilatçıların 21 yanvar 2022-ci il tarixli Q-01 nömrəli birgə qərarına uyğun olaraq, qaliblərə (əlavə 1), qalib şagirdlərin rəhbərlərinə (əlavə 2), Münsiflər Heyətinə (əlavə 3) və Elmi Ekspertiza Komitəsinin üzvlərinə (əlavə 4) nəzərdə tutulmuş pul mükafatları verilsin.
3. 2022-ci ilin may ayında ABŞ-da onlayn keçiriləcək İSEF- Mühəndislik sərgisində iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı təsdiq edilsin (əlavə 5).
4. Aparat rəhbərinin müavini, “Sabahın alimləri” XI Respublika müsabiqəsinin direktoru Y.Piriyevə təmin etsin:
4.1. İSEF-də iştirak edəcək şagirdlərin layihələrinin və təqdimatlarının ingilis dilində hazırlanmasına nəzarət etsin;
4.2. İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.
5. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 21 yanvar 2022-ci il tarixli birgə qərarı, Münsiflər Heyətinin qiymətləndirmə cədvəlləri, İSEF-ə seçim mərhələsinin protokolu.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
14 mart 2022-ci il
F-129