2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, Azərbaycan və dünya ədəbiy¬yatının görkəmli nümayən¬dələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində ötən illərdə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2019-2020-ci dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilsin.
2. “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Müsabiqənin müvafiq mərhələlər üzrə təşkilində Təhsil Nazirliyinin 2015-ci il
1 may tarixli 535 nömrəli əmri ilə təsdiq edilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi Qaydaları” əsas tutulsun.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində lazımi təşkilati-pedaqoji tədbirlər görülməsini təmin etsinlər.
5. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
7. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
8. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri
29 noyabr 2019-cu il
F-703