• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 iyun 2018-ci il tarixli F-408 nömrəli əmrinə əsasən 2018-ci il 22-23  noyabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı keçirilmişdir.

Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfranslarının materialları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil edilmişdir.

Konfransın keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının təhsil nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinə 18 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından 500 məruzə tezisi təqdim olunmuşdur. Həmin məruzələrin dinlənilməsi üçün 15 bölmə yaradılmış və konfransın proqramı tərtib edilmişdir.

Qeyd olunanları nəzərə alaraq, 

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən və ənənəvi olaraq doktorantlar və gənc tədqiqatçlar üçün keçirilən respublika elmi konfranslarının elmi və elmi-pedaqoji kadrların hazırlanmasına  və istedadlı gənclərin aşkar edilməsinə müsbət təsiri qeyd edilsin.

2. Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi üçün təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsinə görə həmin universitetin rektoru, professor Cəfər Cəfərova Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

3. Ali təhsil müəssisələrinin rektorları:

3.1. elmi tədqiqat və dissertasiya işlərinin aktuallığının yüksəldilməsi  istiqamətində müntəzəm işin aparılmasını təşkil etsinlər;

3.2. növbəti konfrans keçiriləndə konfransın bölmələrində doktorant və tədqiqatçıların  elmi rəhbərlərinin, elmi işlər üzrə prorektorların, müvafiq ixtisaslar üzrə professor – müəllim heyətinin iştirakını  təmin etsinlər;

3.3. növbəti konfransa təqdim ediləcək məruzə tezislərinin elmi ekspertizadan keçirildikdən  və redaktə olunduqdan sonra Təşkilat Komitəsinə təqdim edilməsi barədə müvafiq kafedralara tapşırıqlar versinlər;

3.4. konfrans bölmələrinin işinin təşkilində və keçirilməsində səmərəli fəaliyyət göstərdiklərinə görə bölmə sədrlərinin (siyahı əlavə olunur) büdcədənkənar vəsaitlər hesabına mükafatlandırılmasını təmin etsinlər.

4. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev):

4.1. konfransın materiallarının nəşrə hazırlanması üçün bölmə sədrlərindən ibarət redaksiya heyətini formalaşdırsın;

4.2. konfransın materialları  Azərbaycan Dövlət Pedaqoji Universiteti  tərəfindən nəşr olunduqdan sonra onların konfrans iştirakçıları arasında paylanmasını təmin etsin; 

4.3. növbəti konfransın keçirilməsinə dair təkliflər hazırlayıb üç ay müddətinə rəhbərliyə təqdim etsin.

5. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin çoxaldılıb yerlərə göndərilməsini və  Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət  nazir müavini Firudin Qurbanova  həvalə olunsun.

Əsas: konfransın bölmə sədrlərinin hesabatları.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

11 dekabr 2018-ci il

F-793


 

Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının bölmələrinin işinin təşkilində və keçirilməsində  fəaliyyət göstərən bölmə rəhbərlərinin siyahısı