"Gələcək üçün kod" layihəsi
“Gələcək üçün kod” layihəsi – “Code for Future”
Yaranma tarixi: “Code for Future” layihəsi “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının 3.1.6-cı – “Səriştələrin davamlı inkişafına əsaslanan ömürboyu təhsil sisteminin gücləndirilməsi” tədbirinin 3-cü altbəndi (“Ali təhsil müəssisələri ilə əməkdaşlıqla yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına hədəflənən peşəkar inkişaf proqramlarının təşkili”) əsas götürülərək yaradılmışdır.
Məqsəd: Layihənin məqsədi Azərbaycanın rəqəmsal transformasiya hədəflərinə töhfə vermək, ali təhsil müəssisələrində təhsil alan tələbələri müasir əmək bazarının tələblərinə cavab verən praktiki İT bilik və bacarıqlarla təmin etmək, həmçinin nəzəri biliklərlə sənaye təcrübəsi arasında effektiv körpü yaratmaqdır.
Məlumat: “Code for Future” layihəsi akademik dairələrlə qabaqcıl texnologiya şirkətləri arasında qurulmuş strateji tərəfdaşlıq əsasında həyata keçirilən irimiqyaslı təhsil təşəbbüsüdür. Layihə çərçivəsində ölkənin nüfuzlu universitetləri ilə əməkdaşlıq qurulmuş, geniş akademik şəbəkə vasitəsilə müxtəlif ixtisaslar üzrə təhsil alan minlərlə tələbəyə çıxış imkanı yaradılmışdır.
Layihənin tədris proqramının aktual və əmək bazarına uyğun qalmasını təmin etmək məqsədilə texnologiya tədrisi sahəsində aparıcı şirkətlərlə əməkdaşlıq həyata keçirilir. İlkin mərhələdə 4 şirkətlə əməkdaşlıq qurulsa da, hazırda Code Academy, Algoritmika və STEP IT Academy ilə aktiv əməkdaşlıq davam etdirilir.
Təlim proqramı İT sahəsinin ən tələb olunan istiqamətlərini əhatə edir və çevik qrafik əsasında təşkil olunur. Zərurət yarandıqda proqram universitet fənləri ilə əvəzlənə bilir və kredit kimi tanınır. Əsas istiqamətlər:
• Süni intellekt əsaslı proqramlaşdırma (450 saat)
• Web proqramlaşdırma (256 saat)
• Sistem inzibatçılığı (228 saat)
• Kibertəhlükəsizliyin əsasları (450 saat)
• IT mütəxəssisliyi (texniki dəstək) (450 saat)
• QA mühəndisliyi (256 saat)
• AutoCAD və SolidWorks (450 saat)
• Müəllimlər üçün informatika (180 saat)
• Rəqəmsal bacarıqların inkişafı (120 saat)
Əhatə dairəsi: Layihə ölkə üzrə geniş miqyasda həyata keçirilir və Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Naxçıvan Dövlət Universiteti daxil olmaqla bir sıra aparıcı ali təhsil müəssisələrini əhatə edir.
Fəaliyyətə başladığı ilk gündən etibarən layihə əhəmiyyətli nəticələr əldə etmiş, 7000-dən çox tələbə proqramı uğurla başa vuraraq sertifikatlarla təmin olunmuşdur.
Bu əməkdaşlıq şəbəkəsi layihənin müxtəlif ixtisaslar üzrə təhsil alan minlərlə tələbəyə çatmasına və ölkənin innovasiya ekosisteminin inkişafına birbaşa töhfə verməsinə şərait yaradır.

