21.09.2015 12:11

Sentyabrın 5-də "Hyatt Regency" otelində “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” ictimai birliyinin (ASAİF) XII Forumu keçirilib.

Öncə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Daha sonra iştirakçılar ölkəmizin müstəqilliyi uğrunda həlak olanların uyuduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər.
Dövlət Himninin səslənməsi ilə start verilən Forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Forumda giriş sözü ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Ə.Həsənov çıxışında xaricdə  təhsil alanların əlaqələndirilməsinin və şəbəkə şəklində fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Bu sahədə Rusiyada fəaliyyət göstərən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR-un fəaliyyətini nümunə kimi önə çəkən Əli Həsənov bildirib ki, gənclərimiz təhsil aldıqları ölkənin mədəni həyatına inteqrasiya etməli, vətənimizin mədəniyyət elçilərinə çevrilməlidirlər. Təhsilini yüksək səviyyədə  davam etdirməklə bərabər xalqımızın tarixi mədəni dəyərlərini təblığ etmək, münaqişədənkənar Azərbaycan obrazını yaratmaq hər bir xaricdə təhsil alan gəncin ümdə vəzifələrindən biridir.
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ölkəmizin inkişafının strateji milli siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı” gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərimizin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb.
Gənclərimizin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan sonra daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadığını bildirib. O qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir gənc həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir.
Sonra Forum iştirakçılarının sualları ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov iştirak ediblər. Aparılan müzakirələr zamanı bir fikir xüsusi vurğulanıb ki, xaricdə təhsil alan tələbələr və məzun olaraq çalışan vətəndaşlarımız yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqli təmsil etməli, milli mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidir.