• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər" seminarı keçirilib

Noyabrın 7-də Təhsil Nazirliyi, nazirlik yanında İctimai Şuranın dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı online seminar keçirilib.   

Dövlət Bayrağı Gününə həsr olunan seminarda “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?” “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılıb. T-NETWORK-un koordinatoru Cəfər Mənsimi və platformanın tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçirilən müzakirələrdə Azərbaycan və Türkiyədən olan qabaqcıl təhsil xadimləri iştirak edib.

Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Seminarda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov Dövlət Bayrağı günü münasibətilə iştirakçıları təbrik edərək deyib ki, sürətlə dəyişən dünyanın yeni çağırışları və hadisələrin zənginliyi ilə xarakterizə edilən bu dövr həyatın bütün sferaları üçün yeni yanaşmalar diqtə edir. Nazir müavini qeyd edib ki, vətənpərvərliyin inkişafında söz və əməl birliyi, fərdi nümunə vacib şərtdir. 

Firidun Qurbanov bildirib ki, ölkəmizdə təhsilalanların vətənpərvərlik, milli-mənəvi, ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması həmişə məktəbin ən ümdə vəzifələrindən hesab edilib. Məhz azərbaycançılıq milli ideologiyasından irəli gələn vətənpərvərlik ideyaları hər bir təhsil müəssisəsinin uşaq və gənclərlə aparılan tərbiyə işində başlıca yer tutur.

Nazir müavini əlavə edib ki, ölkəmizin sosial-iqtisadi cəhətdən dinamik inkişafı, ölkə Prezidenti, Ali baş komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun durmadan yüksəlməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, gənclərimiz üçün böyük vətənpərvərlik nümunəsidir.

Çıxışında Azərbaycan-Türkiyə qardaşlığına da toxunan nazir müavini sonda seminar çərçivəsində müzakirə edilən mövzu, səsləndirilən fikir və irəli sürülən təkliflərin gələcəkdə bu məsələlərlə bağlı keçiriləcək görüş, tədbirlər üçün faydalı olacağına inamını ifadə edib.

Daha sonra çıxış edən Türkiyə Cümhuriyyəti Milli Təhsil nazirinin məsləhətçisi Erhan Angın iki dövlət, tək millət sevgisinin əbədi olduğunu qeyd edərək vətənpərvərlik anlayışının türk dövlətləri üçün həmişə aktual olduğunu bildirib. Türkiyə təcrübəsindən nümunələr gətirən nazir məsləhətçisi həyat bilgisi dərsində şagirdlərin ölkəsinin müstəqilliyi və fərdi müstəqilliyi arasında əlaqənin tapılması, insan haqları və demokratiya dərsində birlikdə yaşamaq üçün bir yurda niyə ehtiyac olduğu, Türkiyənin inkişafı ilə öz vəzifə və öhdəlikləri arasında əlaqənin qurulması, bu baxımdan məsuliyyətlərinin nə olduğu, milli birliyin cəmiyyətin inkişafına nə kimi töhfəsinin olduğunu araşdırmaq kimi məqamlarının öndə olduğunu deyib.

Seminarda çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bildirib ki, vətənpərvərliyin açarı təhsilin məzmunundadır və bu məzmunda vətənpərvərlik təbii olmalı, vətənpərvərlik bütün tədris müddətində təbii olaraq gənclərə aşılanmalıdır.  Vətənsevərliyin meyarını da təqdim edən professor qeyd edib ki, vətənseverliyi vətənə sevginin özünə sevgiyə olan nisbətini meyar götürərək ölçə bilərik. Sürətdə vətənsevərlik, məxrəcdə özünə sevgi yer alır. Özünə sevgi az olarsa, bu əmsal çox böyük, özünə sevgi çox böyük olarsa, bu əmsal kiçik olar.

Seminar Təhsil nazirinin müşaviri Elnur Nəsibov, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, “Milliyet” qəzetinin təhsil şöbəsinin redaktoru Abbas Güçlü, Fide Okullarının yaradıcısı Ali Koç, qabaqcıl müəllim və yazıçı Ahmet Naç, Xocalı rayon Yaloba kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərhad Quluzadənin çıxışları və təklifləri ilə davam edib. Natiqlər yerli və xarici təcrübəyə istinad edərək bildiblər ki, vətənpərvərlikdə valideyn və müəllim məsuliyyətinin çox böyük rolu var. Həmçinin vətənsevərliyin inkişafı üçün dəyərlər təhsili proqramı, müxtəlif qısa metrajlı film, animasiyalar hazırlamaq və zəngilləşdirmək, dərsdənkənar ziyarətlər təşkil etmək, valideyn və məktəb əməkdaşlığını inkişaf etdirmək, böyük şəxsiyyətləri təbliğ etmək və vətənpərvərliklə bağlı yeni-yeni hekayələr və kitablar yazmaq əhəmiyyətlidir. Vətənpərvərliyin inkişafı üçün şagirdlərə vətənə aid olduğunu hiss etdirməli, onlarda aid olmaq hissi,  aid olduğu cəmiyyətə töhfə vermək niyyəti formalaşdırmalı, ortaq bir xəyal və gələcək idealı təqdim etməli, əzbərçilikdən çıxmalı, qəhrəman yetişdirmək üçün, uşaqların həyatını məğlubiyyətlərlə keçməsinə izacə verməməli, onları zəfərə kökləməliyik.

Seminarın moderatorları təqdimat edərək bildiriblər ki, təşkilatçılardan biri olan T-NETWORK   təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının  əsas məqsədi yerli və əcnəbi təhsil işçilərinin kommunikasiyasına şərait yaratmaq, çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar aparmaq, təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirmək, bu yolla müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq,  yeni əməkdaşlıqlara səbəb olmaq, bir sözlə, inkişaf sinerjisi yaratmaqdır.

Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanan seminara minlərlə izləyici qatılıb. 


3 il əvvəl