• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan tələbə-könüllülərinin Forumu

Dekabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib.

Tədbirdən əvvəl Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forumda açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev könüllülük fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki,  rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tələbələri də könüllülük proqramının üzvüdürlər.  Rektor deyib ki, könüllülər arasında formalaşmış münasibət ancaq uğurlu gələcəyə istiqamətlənib.

Daha sonra Forum iştirakçılarını salamlayan Təhsil naziri Ceyhun Bayramov ümummilli lider  Heydər Əliyev tərəfindən hər zaman ölkədə gənclər siyasətinə xüsusi diqqət yetirildiyini, tarixi qərarlar qəbul edildiyini diqqətə çatdırıb. Nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Ceyhun Bayramov daha sonra könüllülük fəaliyyətinin yaratdığı təcrübə və imkanlardan söz açıb. Təhsil naziri bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. Nazirin sözlərinə görə, “Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirində gənclərlə bağlı söylədiyi fikirlərə xüsusi diqqət çəkib və bildirib ki, hər bir gənc vətənpərvərlik dəyərlərinə önəm verməli, rəqabətqabiliyyətli peşəyə yiyələnməyi özünə əsas prioritet olaraq müəyyənləşdirməlidir. 

Təhsil naziri çıxışının sonunda tələbə-könüllülərə uğurlar arzulayıb.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti  də öz növbəsində tədbirdə iştirakına görə məmnunluğunu ifadə edib, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib.

“Bir” Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub, həmçinin ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər.

Tədbir könüllülərin himninin ifası ilə başa çatıb.

 Forum Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

Qeyd edək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.


4 il əvvəl