• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

Oktyabrın 9-da XIII Beynəlxalq Təhsil Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib ki, ötən illə müqayisədə bu il sərgi iştirakçılarının 45 faizi tədbirə ilk dəfə qatılır. Sərginin rəsmi tərəfdaşı olan Təhsil Nazirliyi hər il olduğu kimi bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunacaq. Elnur Məmmədov əlavə edib ki, sərgidə “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini daşıyan “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri nümayiş olunacaq. Sərgidə həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyi iştirak edəcək. 

Elnur Məmmədov diqqətə çatdırıb ki, “Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. 

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə də öz növbəsində vurğulayıb ki, builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə “Rusiyada təhsil” layihəsi çərçivəsində təhsil sahəsində “VR” texnologiyaları təqdim ediləcək və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimatda məhsullar əyani şəkildə nümayiş olunacaq. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş etdirəcək. Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edəcəklər. Eyni zamanda Avropa İttifaqının birləşmiş stendi debüt edəcək.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir.

Konfransda qeyd edilib ki, sərginin ilk günündə “Universitetlərə səyahət” adlı layihə keçiriləcək və bu layihə əsnasında “Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaqlar. Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

Məlumat verilib ki, oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək. Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə sərgidə öz stendi ilə iştirak edəcək. Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş “Gələcəyini qur!” Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edir.

Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunacaq. Əlavə tədbirlər “Təqdimat zona”sında keçiriləcək.

Qeyd olunub ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır.

“Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.


4 il əvvəl