18.10.2018

“Heydər Əliyev və Azərbaycan tarixi” 5-ci ümumrespublika bilik yarışı keçirilib

Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” 5-ci ümumrespublika bilik yarışı keçirilib.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etsə də, 1993-cü ilin iyun ayının ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin kövrək olduğunu göstərdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda sabitliyin və inkişafın başlanğıcı oldu. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hər bir sahədə inkişaf edən və güclü dövlət kimi bərqərar oldu.

“Heydər Əliyev və Azərbaycan tarixi” 5-ci ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandası iştirak edib. Azərbaycan İlahiyyat İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının komandaları bu il ilk dəfə olaraq müsabiqəyə qoşulublar.

Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib. Dövlət Sərhəd Xidməti Akademiyası 1-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 2-ci, Daxili İşlər Nazirliyinin Polis Akademiyası 3-cü yeri qazanıb. Qalib komandalar mükafatlandırılıb.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.


Açar sözlər: ,