18.09.2018

“Bir” Könüllülük Akademiyası çərçivəsində tədbir

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən tələbələr üçün Şamaxı şəhərində “Bir” Könüllülük Akademiyası çərçivəsində tədbir keçirilib.

Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran və Masallı şəhərlərində fəaliyyət göstərən 21 ali və 16 orta ixtisas təhsili müəssisəsindən seçilmiş 40 tələbə-könüllü “Bir” Könüllülük Akademiyası çərçivəsində keçirilən tədbirdə iştirak edib, yeni bilik və bacarıqlar qazanıblar.

Tələbə-könüllülər “Birinci addım” adlı təlim və “Code Tusi” məntiqi-intellektual komanda oyununda iştirak ediblər. Bundan əlavə, keçirilən görüşdə “Kapital Bank”ın nümayəndəsi öz təcrübəsini tələbə-könüllülərlə bölüşüb.

Sonda “Code Tusi” məntiqi-intellektual komanda oyununun qalibləri mükafatlandırılıb və xatirə şəkli çəkilib.

“Bir” Könüllülük Akademiyası çərçivəsində tələbə-könüllülər üçün mütəmadi olaraq təlimlər, ustad dərsləri, görüşlər və intellektual oyunlar keçirilir.

Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiyət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.


Açar sözlər: