“SABAH” incəsənət festivalı keçirilib
İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalının bağlanış mərasimi keçirilib.
Festivalın keçirilməsində məqsəd SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrinin nailiyyətlərini nümayiş etdirmək, tələbələrin təhsilə və yaradıcılığa həvəsini artırmaq və milli mədəniyyətimizi təbliğ etməkdir.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri ilə tanış olublar.
Daha sonra tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı tamaşa nümayiş olunub.
Sonra Bakı Musiqi Akademiyasının SABAH tələbələrinin ifasında musiqi proqramı təqdim edilib.
Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb. Nazir SABAH qrupları tələbələrinin festivalın keçirildiyi iki gün ərzində təqdim etdiyi nümunələrin təqdirəlayiq olduğunu bildirib və bu cür tədbirlərin miqyasının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb.
Tədbirin sonunda festivalın təşkilinə göstərdikləri xüsusi dəstəyə görə müvafiq ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim olunub, bu müəssisələrin bir qrup əməkdaşı diplomlarla təltif edilib.
Festival Təhsil Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə təşkili olunub. SABAH qruplarının incəsənətlə əlaqədar 4 ali təhsil müəssisəsinin-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyasının iştirakı ilə təşkil edilən festivala iyunun 10-dan start verilib. Həmin gün ADMİU-nun "Səda" Tədris Teatrında SABAH qrupları müəllimləri və tələbələrinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırladığı “Hərə bir qəhrəman” tamaşası təqdim edilib. İçəri Şəhərdə Qoşa Qala qapısı meydanında isə SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrin nailiyyətləri nümayiş olunub. Həmçinin canlı tamaşalar göstərilib, klassik musiqi əsərləri ifa olunub, rəssamlıq, keramika, xalçaçılıq, qobelen və dizaynla əlaqədar SABAH tələbələrinin nailiyyətləri təqdim edilib.
Festival çərçivəsində incəsənətin müvafiq sahələri üzrə ustad dərsləri də keçirilib.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42