21.09.2015 12:11

Martın 9-da Təhsil Nazirliyində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard iştirak edib.
Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın digər dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində uğurla həyata keçirildiyindən danışıb. Nazir bildirib ki, bu məqsədlə “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsi hazırlanıb, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə olunub. Qeyd edilən qurumlarla “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı olduğunu vurğulayan Misir Mərdanov həmin sənədi dövlətin uşaqların müdafiəsi sahəsində atdığı uğurlu addım kimi yüksək qiymətləndirib. Nazir layihənin əsas məqsədinin pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarında uşaqların bioloji və ya alternativ ailələrə verilməsi, alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün onların müdafiəsinin təmin edilməsi olduğunu diqqətə çatdırıb.
Sonra nazir bildirib ki, Anlaşma Memorandumunun əsas prinsipi uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması istiqamətində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF arasında müvafiq öhdəliklər əsasında əməkdaşlığın qurulmasıdır.
Ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə olan xüsusi diqqətini vurğulayan Misir Mərdanov Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin əsaslı təmir olunması, yenidən qurulması istiqamətində gördüyü mühüm işləri iştirakçıların nəzərinə çatdırıb. Nazir həmçinin, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində olan dövlət uşaq müəssisələri barədə də məlumat verib.
Tədbirdə layihənin həyata keçirilməsi nəticəsində uşaqların müəssisələrə düşməsinin qarşısının alınacağı, etibarlı müdafiə sisteminin yaradılacağı, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlərin təşkil ediləcəyi, övladlığa, qəyyumluğa və himayəyə veriləcək uşaqlar, namizəd ailələr üzrə məlumat bankının hazırlanacağı qeyd olunub.
 Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard çıxış edərək Anlaşma Memorandumunu uşaq hüquqlarının qorunması üzrə mühüm sənəd kimi dəyərləndirib və onun uşaqların müdafiəsi istiqamətində xüsusi əhəmiyyəti olacağını qeyd ediblər.
Sonra təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Mərasimin sonunda müvafiq qurumların rəhbərləri media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.