21.09.2015 12:11

Martın 4-də təhsil naziri Misir Mərdanov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb.

Öncə nazir qonağı səmimi salamlayıb və bu görüşdən məmnun olduğunu diqqətə çatdırıb.
Görüşdə müzakirə olunacaq məsələlərdən danışan ATƏT-in Bakı ofisinin rəhbəri Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən söz açıb və mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün müvafiq təkliflərlə çıxış edib. Qonaq Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin artırılması, bu istiqamətdə mövcud kurikulumun birgə nəzərdən keçirilməsi ilə bağlı məsələlərə toxunub. Ölkəmizin jurnalistika ixtisası tədris edilən bir neçə ali təhsil müəssisəsində müvafiq iş aparıldığını qeyd edən qonaq bununla bağlı işçi qrupun yaradılmasını, Təhsil Nazirliyi əməkdaşının da burada təmsil olunmasını təklif edib.
Sonra Əli Bilgə Cankorel uşaq hüquqlarının qorunması, uşaqların müdafiəsinin təşkilindən də bəhs edərək Təhsil Nazirliyinin nəzdində Təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasını dəstəklədiyini qeyd edib. Qonaq Uşaq Hüquqları Klinikası və QHT Alyansı ilə yeni fəaliyyətə başlayan idarənin sıx əlaqə yaratmasından məmnunluğunu bildirib, bu sahədə birgə iş aparılmasına lazımi kömək göstərməyə hazır olduğunu vurğulayıb.
ATƏT-in Bakı ofisinin Təhsil Nazirliyi ilə ekoloji təhsil sahəsində olan əməkdaşlığını yüksək qiymətləndirən Əli Bilgə Cankorel həyata keçirilmiş Yaşıl paket çərçivəsində aparılan işlərin uğurla nəticələndiyini diqqətə çatdırıb, habelə rəhbərlik etdiyi ofisin ölkəmizdə reallaşdırdığı digər layihələrdən də söz açıb.
Təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin irəli sürdüyü təklifləri müsbət qiymətləndirib. Nazir bildirib ki, ölkəmizin bir neçə ali təhsil müəssisəsində tələbələr jurnalistika ixtisasına yiyələnir. Bu ixtisas üzrə kurikulum çərçivəsində birgə iş aparılması təklifini dəstəklədiyini qeyd edən təhsil naziri müvafiq istiqamətdə həyata keçiriləcək tədbirlərin əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışan təhsil naziri bu sahədə bir sıra təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, reallaşdırılan layihələrlə bağlı qonağa ətraflı məlumat verib. Misir Mərdanov qeyd olunan məsələlər üzrə nazirlik tərəfindən  lazımi dəstək göstəriləcəyini bildirib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə təhsil sahəsi ilə bağlı bir sıra digər məsələlər barədə də söhbət aparılıb.