Olimpiada qalibləri ilə görüş
Fevralın 2-də Gənclər Günü münasibətilə təhsil naziri Mikayıl Cabbarov beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Gənclər Günü münasibətilə beynəlxalq fənn olimpiadalarının qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, elm və innovasiyanın tətbiqi, ölkənin beynəlxalq aləmdə tanınması, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini bildirib.
Beynəlxalq olimpiadalarda daha geniş təmsil olunmaq üçün respublika fənn olimpiadalarında şəffaflıq və ədalət prinsiplərinə əməl olunduğunu vurğulayan təhsil naziri 2014-cü ildən bu istiqamətdəki yeni yanaşmaların kütləviliyin artmasına təkan verdiyini nəzərə çatdırıb. Təsadüfi deyil ki, 2015-ci ildə Respublika fənn olimpiadalarında 22 000 şagird iştirak etmişdisə, 2016-cı ildə bu rəqəm 27 000-ə yüksəlib. Bu, təhsil tariximizdə rekord göstərici olmaqla bərabər, həm də şagirdlərin prosesə olan inamının təzahürüdür.
Bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyən nazir 2015-ci ildə də beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə edildiyini bildirib. Riyaziyyat olimpiadasında 106 ölkə arasında 48-ci yeri tutmaq, Asiya Fizika olimpiadasında və beynəlxalq Biologiya olimpiadasında uzun fasilədən sonra yenidən medal qazanmaq da sevindirici haldır. Bu il də bu uğurlar davam etdirilməkdədir. Gənclərin elm olimpiadasında 2 gümüş və 3 bürünc, Qazaxıstanda keçirilmiş Jautıkov olimpiadasında 7 medalın qazanılması ölkəmiz üçün yaxşı nəticədir.
Beynəlxalq olimpiadalara hazırlıq işinin genişləndiriləcəyini bildirən nazir gələcəkdə daha çox medalların qazanılmasının hədəfləndiyini qeyd edib.
Qeyd olunub ki, Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər çərçivəsində beynəlxalq olimpiadalara hazırlıq üzrə 3 mərkəz yaradılıb, şagirdlərin hazırlanmasına daha müfəssəl yanaşma ortaya qoyulub, ən yaxşı müəllimlər bu işə cəlb edilib.
Sonra təhsil naziri məktəblilərlə söhbət edib, şagirdlərin gələcək barədə fikirləri, arzu və düşüncələri ilə maraqlanıb, onların suallarını cavablandırıb.
Tədbirdə olimpiadalara hazırlıq işinin təşkili ilə bağlı bir sıra təkliflər səsləndirilib.
Daha sonra beynəlxalq olimpiadalarda yüksək yerlər tutmuş gənclərə Təhsil Nazirliyinin təşəkkürnamələri və hədiyyələr təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42