21.09.2015 12:11

İyunun 19-da Təhsil Nazirliyinin 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüş keçirilib.

Görüşdə internat məktəbin şagirdlərinin əl işlərinin sərgi-satışından əldə olunan vəsait pansionat kollektivinə təqdim olunub.
Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak edib.
Görüş iştirakçılarına məlumat verilib ki, may ayında “Jumeyrah Bilgah Beach” otelində 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin “Bizim böyük ailəmiz” adlı xeyriyyə-satış sərgisi keçirilib. Hökumət rəsmilərinin, Milli Məclis üzvlərinin, sahibkarların və təhsil ekspertlərinin iştirak etdiyi xeyriyyə-satış sərgidə internat məktəb şagirdlərinin hazırladıqları əl işlərinin satışından 5000 manat vəsait toplanıb.
 Çıxışlardan sonra xeyriyyə-satış sərgisindən əldə olunmuş vəsait Müharibə və əmək əlilləri üçün pansionatın rəhbərliyinə təqdim edilib. Bu vəsait Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri olan ahıl insanların yay istirahətinin təşkilinə sərf olunacaq.
Tədbir Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri, internat məktəbin sağlamlıq imkanları məhdud uşaqları və KİV nümayəndələrinin iştirakı ilə çay süfrəsi arxasında davam etdirilib.

Açar sözlər: