21.09.2015 12:11

Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında “Uşaqlar və müharibə” mövzusunda keçirilən Respublika rəsm müsabiqəsinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası təhsil nazirinin
19 yanvar 2012-ci il tarixli,  65 nömrəli əmri ilə
təsdiq edilmişdir
 
 
1. Müsabiqənin məqsədi
 
Müsabiqəni keçirməkdə əsas məqsəd Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənə sədaqət və məhəbbət hissini gücləndirmək, onların yaradıcılıqlarını inkişaf etdirmək, istedadlı gənc rəssamları üzə çıxarmaqdır.
 
2. Müsabiqənin təşkili və keçirilməsi
 
Müsabiqənin təşkili və keçirilməsi üçün ümumtəhsil məktəblərində, rayon, şəhər təhsil idarələri və şöbələrində təşkilat komitəsi və münsiflər heyəti yaradılır. Müsabiqə 3 mərhələdə keçirilir:
1. Məktəb mərhələsi – 2-3 fevral 2012-ci il taixlərində
2. Rayon, şəhər mərhələsi – 9-10 fevral 2012-ci il tarixlərində
3. Respublika mərhələsi – 24 fevral 2012-ci il tarixində, Bakı şəhərində
Müsabiqə 6-10, 11-14 və 15-18 yaşlar üzrə keçirilir.
Rəsmlərin işlənmə texnikası sərbəstdir. Rəsmlər A2 və A3 formatlarda işlənməlidir. Digər formatda olan rəsmlər qəbul olunmayacaqdır.
Müsabiqənin rayon, şəhər mərhələsindən respublika mərhələsinə hər yaş qrupu üzrə 5 ən yaxşı iş (cəmi 15 iş) seçilərək 15 fevral 2012-ci il tarixədək nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim edilməlidir.
Rəsm işləri çərçivəyə alınmalıdır. Təqdim olunan işlərə şagirdin adı, soyadı, atasının adı, rayon və ya şəhər, oxuduğu məktəb və sinif yazılmış etiketlər əlavə olunmalıdır (etiketlər rəsmin arxa hissəsinə yapışdırılsın).
Respublika mərhələsinin qalibləri Təşkilat Komitəsinin yaratdığı münsiflər heyəti tərəfindən müəyyən edilir.
Müsabiqənin Respublika mərhələsinə təqdim olunan rəsm işləri geri qaytarılmır.
Respublika mərhələsinə dəvət olunacaq qalib şagirdlər və onları müşaiyət edən nümayəndənin ezamiyyə xərcləri rayon, şəhər təhsil idarələri, şöbələri tərəfindən ödənilir.
 
3. Qaliblərin mükafatlandırılması
 
Müsabiqənin rayon, şəhər mərhələsinin qalibləri rayon, şəhər təhsil şöbələri, idarələri tərəfindən, Respublika mərhələsində I, II və III yerlərə layiq görülmüş qaliblər Təhsil Nazirliyi tərəfindən  diplom və hədiyyələrlə mükafatlandırılır, münsiflər heyətinin rəyi ilə fərqlənən digər iştirakçılara isə Təhsil Nazirliyinin serifikatları təqdim olunur.