21.09.2015 12:11

Azərbaycan Respublikası təhsil nazirinin
14 aprel 2011-ci il tarixli, 568 nömrəli
əmri ilə təsdiq edilmişdir
 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Çiçəklənən Azərbaycan” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin
 
ƏSASNAMƏSİ
 
 2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmillik yubileyinin qeyd olunması ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisələrdəndir. Azərbaycan Respublikasının müstəqillik illərində keçdiyi zəngin inkişaf yolunun məktəblilər arasında təbliğinə zəruri ehtiyac vardır.
Rəsm müsabiqəsini keçirməkdə əsas məqsəd uşaq və gəncləri dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhunda tərbiyə etməkdir.
 
Müsabiqənin təşkili və keçirilməsi
 
Müsabiqənin təşkili və keçirilməsi üçün ümumtəhsil məktəblərində və şəhər, rayon təhsil idarələrində, şöbələrində təşkilat komitəsi və münsiflər heyəti yaradılır. Müsabiqə 3 mərhələdə keçirilir.
1. Məktəb mərhələsi –   27 aprel-6 may 2011-ci il
2. Şəhər, rayon mərhələsi –   23-27 may 2011-ci il
3. Respublika mərhələsi – 2011-ci ilin oktyabr ayında, Bakı şəhərində
Müsabiqə 4 yaş qrupu üzrə 1-IV, V-VII, VIII-IX və X-XI sinif şagirdləri arasında keçirilir. Rəsmlərin işlənmə texnikası sərbəstdir. Rəsmlər yalnız A3 formatda işlənməlidir. Digər formatda olan rəsmlər qəbul olunmayacaqdır.
Respublika mərhələsinə hər yaş qrupu üzrə 1 iş olmaqla 4 qalib iş 30 sentyabr 2011-ci il tarixədək nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə göndərilməlidir. Qaliblərin işlərini təhsil şöbələri təqdim edir.
Rəsm işləri çərçivəyə alınmalı və təqdim olunan işlərə şagirdin adı, soyadı, atasının adı, şəhər, rayon, məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır.
Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır.
Respublika mərhələsinə dəvət olunan şagirdlərin ezamiyyə xərcləri şəhər, rayon təhsil idarələri, şöbələri tərəfindən ödənilir.
Müsabiqənin şəhər, rayon mərhələsinin qalibləri şəhər, rayon təhsil idarələri, şöbələri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.
Müsabiqənin Respublika mərhələsinin qalibləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu və hədiyyələri ilə mükafatlandırılacaqlar.