21.09.2015 12:11

Əlavə  3
 
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN MÜƏLLİMLƏRİ ARASINDA
ŞAHMAT YARIŞININ KEÇİRİLMƏSİ HAQQINDA
ƏSASNAMƏ
 
I. Yarışın keçirilməsinin əsaslandırılması və məqsədi

Şahmat üzrə yarışın keçirilməsinin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərinin müəllimləri arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək və geniş yaymaq, güclü şahmatçıları aşkar etmək, eyni zamanda təhsil işçilərinin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir.
 
II. Yarışın şərtləri və keçirilmə qaydası

2.1. Yarışda respublikanın orta ümumtəhsil məktəblərində işləyən bütün təhsil işçiləri iştirak edə bilər (idman ustaları, qrossmeysterlər, şahmat üzrə mütəxəssislər, şahmat məktəblərinin məşqçi-müəllimləri istisna olmaqla).
2.2. Şəhər və rayonlarda yarışın keçirilməsi üçün müvafiq Təşkilat Komitəsi yaradılır və smeta təsdiq olunur.
2.3. Yarış üç mərhələdə keçirilir:
I mərhələ – mart ayının 10-dək, orta ümumtəhsil məktəblərində;
II mərhələ – aprel ayının 10-dək, şəhər və rayonlarda;
III mərhələ – aprel ayının son ongünlüyündə Bakı şəhərində.
2.4. Üçüncü mərhələdə şəhər və rayonlarda yalnız I yeri tutmuş qaliblər iştirak edir. Bakı şəhəri üzrə isə 11 rayonun hər birindən I yeri tutanlar birbaşa III mərhələ təqdim olunurlar.
2.5. Yarış Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydalarına uyğun olaraq keçirilir.
2.6. Oyun zamanı hər iştirakçıya 20 dəqiqə vaxt verilir.
2.7. Şəhər və rayon komitələrinin sədrləri ikinci mərhələnin qalibləri haqqında 2011-ci ilin aprelin 15-dək Təşkilat Komitəsinə məlumat verir. (soyadı, adı, atasının adı, ixtisası, iş yeri)
2.8. Yarışın üçüncü mərhələsi olimpiya sistemi ilə keçirilir (uduzan çıxır)
2.9 Yarışın üçüncü mərhələsini Hakimlər Kollegiyası keçirir. Hakimlərin qərarına etiraz olduqda bu məsələyə Təşkilat Komitəsində baxılır. Vaxtında verilməyən ərizəyə Təşkilat Komitəsində baxılmır (ərizə oyundan sonra bir saat ərzində verilə bilər).
 
III. Qaliblərin mükafatlandırılması

1.  Yarış qaliblərinin mükafatlandırılması qərarda göstərilən formada həyata keçirilir.