Hazırda ölkəmizdə ümumilikdə 51 (40 dövlət, 11 özəl) ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2018/2019-cu tədris ilində Azərbaycan ali təhsil müəssisələrində ümumilikdə 171104 tələbə, o cümlədən, bakalavriat səviyyəsində 157662 tələbə, magistratura səviyyəsində isə 13442 tələbə (bundan 131 tələbə AMEA institutlarının payına düşür) təhsil alır. Ölkədə 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində ali təhsil xidmətləri göstərilir.

Azərbaycan Respublikasında tam orta təhsili başa vuran hər bir şəxs ali təhsil ala bilər. Ölkəmizin 2005-ci ildə Bolonya prosesinə qoşulması və 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə Azərbaycan ali təhsil sisteminin məzmunu əhəmiyyətli dərəcə yenilənmiş, Avropa Kredit Transfer Sisteminin tətbiqinə başlanılmış və ali təhsilin üç səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə kadr hazırlığına başlanılmışdır.

Ali təhsilin bakalavriat səviyyəsində təhsil müddəti 4-5 il təşkil edir və 240-300 AKTS kreditindən (tibb təhsilində 300-360 kreditdən) ibarətdir. Magistratura səviyyəsində təhsil müddəti 1,5-2 il təşkil edir və 90-120 AKTS kreditindən ibarətdir. Ali təhsilin üçüncü səviyyəsi olan doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3-4 il, elmlər doktoru proqramı üzrə təhsil müddəti 4-5 il təşkil edir.

Bu gün ölkəmiz Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilmiş və ali təhsil müəssisələrimizin fəaliyyəti Bolonya prosesinin tələblərinə tam uyğunlaşdırılmışdır. Avropa Kredit Transfer Sisteminin tətbiq olunması Avropanın və dünyanın aparıcı universitetlərinin müsbət təcrübəsinin ölkəmizə gətirilməsi ilə ali təhsildə tədris prosesinin forma və məzmun baxımından inkişaf etdirilməsinə imkan vermişdir.

Yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunmuşdur.

Savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssis yetişdirilməsi prinsipləri əsas götürülməklə, 2014-cü ildən ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında SABAH layihəsinin həyata keçirilməsinə başlanmışdır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.

Avropa ölkələrinin aparıcı universitetləri ilə birgə reallaşdırılan ikili diplom proqramları ali təhsilimizin məzmununun təkmilləşdirilməsində və ali təhsil müəssisələrimizin beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynamışdır. Bunlardan ADA Universiteti ilə Niderlandın Maastrixt İdarəetmə Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti ilə Böyük Britaniyanın London Universiteti/London İqtisadiyyat Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti, Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasındakı proqramları xüsusi qeyd etmək olar.

Azərbaycan və Fransa dövlət başçılarının təşəbbüsü ilə yaradılmış və 2016-cı ildən fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ikili diplom proqramı üzrə nümunəvi əməkdaşlıq hesab olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universiteti arasında reallaşdırılan bu proqram iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlıq platforması statusu qazanmışdır.

Ölkə Prezidentinin təşəbbüsü ilə 2009-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və 2015-ci ildə isə Seçenov adına I Moskva Dövlət Tibb Univerisitetinin Bakı filialının fəaliyyətə başlaması ali təhsilimizin ümumi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təhsil sahəsində ən mühüm hadisələrdən biri kimi qiymətləndirmək olar. Uğurla reallaşdırılan bu Proqram çərçivəsində 3558 nəfər Azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanmışdır. Bu gənclərin böyük əksəriyyəti artıq təhsilini başa vurub geri qayıtmış və ölkəmizin gələcək inkişafına öz töhvələrini verməyə başlamışdır.

Bu istiqamətdə aparılan işlərin davamı və dövlətimizin ali təhsilin inkişafına verdiyi yüksək önəmin növbəti nümunəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qarşımızda müasir dövrün tələblərinə uyğun yeni vəzifələr qoyur. Bu Proqramın uğurla icra olunması bütövlükdə ali təhsilimizin nüfuzunun yüksəlməsində mühüm rol oynayacaqdır.

Təhsil sahəsində aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq, ölkəmizdə ali təhsil alan əcnəbi tələbələrin sayı da davamlı olaraq artır. 2017/2018-ci tədris ilində respublikamızda 76 ölkədən 5871 nəfər əcnəbi ali təhsil almışdır. Bu isə əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.