Ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Şahmat” fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, həmin fənnin tədris olunduğu pilot ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. 2013-2014-cü dərs ilindən “Şahmat” fənninin II sinifdən başlayaraq tədris olunması nəzərdə tutulan yeni pilot ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilsin (əlavə olunur).
2. 2011-2012 və 2012-2013-cü dərs illərində pilot müəssisə kimi müəyyən olunmuş ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisi müvafiq siniflər üzrə 2013-2014-cü dərs ilində davam etdirilsin.
3. “Şahmat” fənni II, III və IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 (bir) saat tədris olunsun.
4. “Şahmat” fənni üzrə IV siniflərin tədris planı və proqramları təsdiq edilsin (əlavə olunur).
5. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) yeni müəyyən olunmuş pilot ümumtəhsil məktəblərində “Şahmat” fənnini tədris
edəcək müəllimlər üçün cari ilin avqust-sentyabr aylarında təlim kursu təşkil etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) həmin təlim kurslarının keçirilməsi ilə əlaqədar tələb olunan maliyyə vəsaitinin ayrılmasını təmin etsin.
7. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), İqtisadiyyat şöbəsi (R.Orucov) tədris proqramına uyğun hazırlanmış IV siniflər üçün dərs vəsaitinin nəşr olunması ilə bağlı məsələləri həll etsin.
8. Pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq və ləvazimatlarla təminatı yerli təhsil orqanlarına həvalə olunsun.
9. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) “Şahmat” fənninin tədrisi ilə bağlı yerli təhsil orqanlarına köməklik göstərsinlər, dərs ili ərzində seçmə yolla müəyyən olunmuş pilot məktəblərində fənnin tədrisi vəziyyətini öyrənib təkliflər hazırlasınlar.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
11. Ümumi şöbə (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə çoxaldıb yerlərə göndərilməsini təmin etsin.
12. Əmrin icrasına nəzarət Nazir müavininə (C.Bayramov) həvalə olunsun.
Əsas: Azərbaycanda şahmatın inkişaf etdirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış birgə memorandum, müvafiq dərkənarla Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri A.İbrahimovun təqdimatı.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının
təhsil naziri
29 avqust 2013-cü il 
№784

Əlavə: