Elektron məktəb” layihəsinə yeni məktəblərin cəlb olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası məqsədilə
 
ƏMR EDİRƏM
 
1. Elektron məktəb layihəsini tətbiq etmək üçün seçilmiş əlavə 11 təhsil müəssisəsinin siyahısı təsdiq edilsin (1 saylı Əlavə). 
2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):
2.1 “Elektron məktəb” layihəsinə yeni cəlb olunmuş təhsil müəssisələrində vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan Elektron məktəb modelinin strukturunun, iştirakçılarının, proqram-texniki təminatının və qarşılıqlı fəaliyyət mexanizminin müəyyən edilməsini təmin etsin.
2.2 Elektron məktəb sisteminə qoşulan yeni təhsil müəssisələrinin vahid informasiya  mühitinin yaradılması və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlar (noutbuk, proyektor, intereaktiv lövhə və s.) və proqram təminatı ilə təchiz olunmasını təmin etsin.
2.3   Bakı və digər şəhər/rayonlarda Elektron məktəb sisteminə qoşulan pilot məktəblərdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görsün və əlavə kursların təşkil olunmasını təmin etsin.
2.4  Elektron məktəb sisteminə qoşulan pilot məktəblərdə yüksək sürətli fiberoptik      İnternet və İntranet bağlantılarını təmin etsin.
2.5    Təhsil müəssisələrinin “Elektron məktəb” layihəsinə cəlb olunması prosesinin 2012-2013-cü tədris ilində başa çatmasını təmin etsin.  
3. Bakı şəhər Təhsil İdarəsinə, İsmayıllı, Ağstafa, Tovuz və Şamaxı şəhər Təhsil şöbələrinə tapşırılsın ki, Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında Elektron məktəb Layihəsinə qoşulan pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılmasını və fəaliyyəti sahəsində çalışan təşkilatlara lazımi köməklik göstərilməsini və şərait yaradılması, bu təhsil müəssisələrində çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) layihədə fəal iştirakı və onların üzərinə düşən bütün vəzifələrin yerinə yetirilməsini təmin edilsin. 
4. “Elektron məktəb” layihəsinə cəlb olunan ümumtəhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, məktəblərdə vahid informasiya mühitinin yaradılması və fəaliyyəti sahəsində çalışan təşkilatlara lazımi köməklik göstərilsin və məktəbdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) layihədə fəal iştirakını və təmin etsin. 
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, nazirliyin “Təhsil xəbərləri” məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.  
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
Əsas:      Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 16 noyabr 2012-ci il tarixli, 373 nömrəli məktubu.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
19 dekabr 2012-ci il
№ 2257