Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2012-ci ilin avqust ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 ili tamam olur.
Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınmışdır.
Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynamış Xurşidbanu Natəvanın 180 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 180 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2012-ci il.