S.A.Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 2012-ci ilin may ayında neft və qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, keçmiş sovetlər birliyində, eləcə də Azərbaycanda neft və qaz sənayesinin inkişafında mühüm xidmətləri olmuş Sabit Orucovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə  
 
QƏRARA ALIRAM:
 
1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2011-ci il