İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın ümumi təhsil sistemində mütərəqqi dünya təcrübəsinə əsaslanan islahatlara başlanması və ötən illərdə uğurla davam etdirilməsi ümumi təhsilin məqsəd və vəzifələrinə, təhsilin məzmununa, şagird nailiyyətlərinin qiymətləndirilməsinə, pedaqoji prosesin təşkilinə yeni baxış və yanaşma tərzi formalaşdırmışdır.
Hazırda ümumi təhsilin məzmununun çevik və yaradıcı təfəkkürə malik yetkin şəxsiyyətin formalaşmasına yönəlmiş innovativ ideyalar əsasında müəyyənləşdirilməsi təlim-tərbiyə işinin mahiyyətcə yenidən qurulması tələbini mühüm vəzifə kimi irəli sürmüşdür. 2008-2009-cu dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərinin ibtidai siniflərində yeni fənn proqramlarının (kurikulumların) və dərslik komplektlərinin, müasir qiymətləndirmə modellərinin tətbiqi yeni tipli müəllim kadrları heyətinin formalaşmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmiş, bütövlükdə pedaqoji işçilərin fəaliyyətində təşəbbüskarlıq, axtarıcılıq və yaradıcılıq meyillərini xeyli gücləndirmişdir.
Yerlərdə aparılan monitorinqlər, konfrans və seminarlar, təşkil olunan nümunə dərsləri, son 4 il ərzində keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin nəticələri bölgələrdə təhsil innovasiyalarını, müasir təhsilin prioritet istiqamətlərini və mahiyyətini hərtərəfli mənimsəmiş, yeni fənn proqramlarının (kurikulumların), müasir təlim strategiyaları və qiymətləndirmə mexanizmlərinin tətbiqi sahəsində səmərəli təcrübə toplamış xeyli sayda yaradıcı gənc müəllimlərin olduğunu bir daha təsdiq etmişdir.
Hazırda ən mühüm vəzifələrdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə gənclərin avanqard rolunun yüksəldilməsi ilə bağlı yürütdüyü xoşməramlı siyasətə uyğun olaraq, müasir təfəkkürlü, istedadlı gənc müəllimlərin potensial imkanlarının daha da inkişafına lazımi şərait yaratmaqdan, onların qüvvə və bacarıqlarını məktəblərdə təlim-tərbiyə prosesinin getdikcə təkmilləşdirilməsinə, maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə, digər təhsil işçilərinin kurikulum islahatları üzrə bilik və bacarıqlarının artırılmasına yönəltməkdən ibarətdir.
Yerli təhsil orqanları müasir pedaqoji dünyagörüşü, peşəkarlığı və yaradıcı keyfiyyətləri ilə fərqlənən gənc müəllimlərin fəaliyyətini daim diqqət mərkəzində saxlamalı, onların əməyinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirməlidirlər.
           
Qeyd olunanları nəzərə alaraq
 
 
ƏMR EDİRƏM:
 
1. Ümumi təhsil müəssisələrində çalışan istedadlı gənc müəllimlərin aşkara çıxarılması, gələcək inkişafları üçün əlverişli şəraitin yaradılması, fəaliyyətlərini rəğbətləndirməklə onların daha məhsuldar və səmərəli işləməyə həvəsləndirilməsi təhsil orqanlarının başlıca vəzifələrindən biri hesab olunsun.
3. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov), İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə), TSİİL üzrə Layihəni Əlaqələndirmə Qrupu (E.Rüstəmov), Təhsil Problemləri İnstitutu (A.Mehrabov) Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik nəzdindəki və özəl ümumi təhsil müəssisələrinin direktorları ilə birgə Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsinlər.
4. Yerli təhsil orqanları Fəaliyyət planının yerinə yetirilməsi vəziyyəti barədə 2012-ci ilin yanvar və may aylarında Nazirliyə yazılı hesabat göndərsinlər.
5. Aparatın rəhbəri İ.Pirməmmədov Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə Fəaliyyət planının icrasını müntəzəm nəzarətdə saxlasın, müəyyən olunmuş vaxtlarda seçmə yolla rayon və şəhərlərdə monitorinqlərin təşkilini nəzərədə tutsun və nəticəsindən asılı olaraq müvafiq təkliflər hazırlanmasını təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavəsi ilə çoxaldılıb yerli təhsil orqanlarına çatdırılmasını təşkil etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin və Fəaliyyət planının “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2011-ci il

 
 
Əlavə: