Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikasının təhsil sisteminin bütün pillələrini əhatə edən vahid təhsil informasiya mühitinin formalaşdırılması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, bu sahəyə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsi və səmərəli istifadəsi, təsdiq edilmiş proqramın yüksək keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi yaradılsın.
 
2. Müəyyən edilsin ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində dövlət investisiya xərcləri və xarici investisiyalar hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi vasitəsilə həyata keçirir.
 
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın: Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yerləşdirilməsi məsələsini həll etsin; Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin strukturunu və xərclər smetasını hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etsin.
 
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
A. Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
18 iyun 2008-ci il
№141