Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illər respublikada yeni məktəb binalarının və əlavə sinif otaqlarının tikintisi, mövcud məktəb binalarının əsaslı təmirinə dair qəbul edilmiş proqramların icrası ilə bağlı ciddi tədbirlər həyata keçirilmiş, ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Görülmüş işlərlə yanaşı qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yeniləri ilə əvəz edilməsi, aparılan təmir işlərinin başa çatdırılması və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi prosesini daha da sürətləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə qəza vəziyyətində olan məktəb binalarının yeniləri ilə əvəz edilməsi, aparılan təmir işlərinin başa çatdırılması və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 25 (iyirmi beş) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2008-ci il.