İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə


 

ƏMR EDİRƏM:


 

1. Ali təhsil müəssisələrinin rəhbərləri:

- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər;

- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- nəzərə alsınlar ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;

- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;

- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər;

- Təhsil Nazirliyi tərəfindən imtahan sessiyasının monitorinqinin aparılması üçün lazımı şəraitin (otağın ayrılması, telefonla təchiz edilməsi) yaradılmasını təmin etsinlər.

2. Elm və ali təhsil və Daxili nəzarət şöbələrinə tapşırılsın:

- ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini təşkil etsinlər;

- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Nazirliyi məlumatlandırsınlar;

- ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

3. Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Nazirliyin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.

4. Əmr «Azərbaycan müəllimi» qəzetində dərc edilsin və nazirliyin internet saytında yerləşdirilsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.


 

ƏSAS: Elm və ali təhsil şöbəsinin 2015-ci il üçün iş planı                                                      

                                                                       

Mikayıl CABBAROV, 

Azərbaycan Respublikasının təhsil naziri 

15 dekabr 2015-ci il 

№1119



 

Ali təhsil müəssisələri üzrə monitorinqin aparılmasına məsul şəxslərin siyahısı