Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015-2016-cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.19-cu maddəsinə və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4-cü bölməsinin 4.7-ci bəndinə əsasən, Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1199 nömrəli əmri ilə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq məqsədilə bilavasitə Təhsil Nazirliyi tabeliyindəki Bakı Avropa Liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, İlyas Əfəndiyev adına “Elitar” gimnaziya pilot müəssisələri seçilmiş və müxtəlif təmayüllər üzrə tədris planları təsdiq edilmişdir. Bununla yanaşı, müvafiq işçi qrupları tərəfindən aidiyyəti təmayül sinifləri üçün tədris proqramları hazırlanıb pilot müəssisələrə çatdırılmışdır. Sonrakı illərdə “XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi, Kimya-biologiya təmayüllü lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil olunmuşdur.
Təhlil göstərmişdir ki, ötən müddətdə həmin müəssisələrin rəhbərliyi və pedaqoji kollektivlərinin səmərəli fəaliyyəti sayəsində eksperiment müsbət nəticə vermiş, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunmuşdur. Eyni zamanda şagirdlərin repetitor xidmətindən istifadə halları azalmış, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi xüsusi qeyd edilmişdir.
Göstərilənləri nəzərə alaraq, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil edildiyi pilot müəssisələrin şəbəkəsinin genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri üzrə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunması nəzərdə tutulmuş yeni pilot ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilsin (əlavə olunur).
Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI siniflərinin 2015-2016-cı dərs ili üçün tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin (1–9 nömrəli əlavələr).
Pilot məktəblərində təmayül sinifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.6-cı bəndinə uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilsin.
Pilot məktəblərinin təmayül siniflərini bitirmiş şagirdlərin tam orta təhsil haqqında attestatlarına hər təmayül üzrə təsdiq olunmuş tədris planlarındakı fənlərdən aldıqları yekun qiymətlər yazılsın, tədris olunmamış fənlərin qarşısında “––” (tire) işarəsi qeyd edilsin.
Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Təhsil Problemləri İnstitutu (Q.Novruzov) 2 ay müddətində pilot məktəblər üçün təmayüllər üzrə fənn proqramlarına yenidən baxılaraq həmin sənədlərin təkmilləşdirilmiş variantının hazırlanıb təsdiq olunmasını təmin etsinlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan şəhər təhsil şöbələrinə tapşırılsın ki:
Bu əmrdən irəli gələn vəzifələrin, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinin əsas məqsədi, mahiyyəti və əhəmiyyətinin pilot müəssisələrinin pedaqoji kollektivlərinə, valideyn və şagirdlərə ətraflı izah olunmasını təşkil etsinlər.
Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsini iyun ayının sonunadək başa çatdırsınlar.
Təmayüllər üzrə tədrisi səmərəli təşkil etmək və şagirdlərə keyfiyyətli təhsil verilməsini təmin etmək məqsədilə pilot müəssisələrdə pedaqoji kadr heyətinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görsünlər.
Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) müəyyən olunmuş pilot müəssisələrdə təmayülləşmənin həyata keçirilməsi ilə əlaqədar müvafiq təhsil idarələri və şöbələrinə yerində təşkilati-pedaqoji köməklik göstərsinlər.
Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (A.Zamanov) yeni fəaliyyətə başlayacaq pilot ümumi təhsil müəssisələrinin təmayül fənləri üzrə müəllimləri üçün öyrədici təlimlər keçirilməsini təmin etsinlər.
Pilot layihənin həyata keçirilməsi üzrə əlaqələndirmə işlərinin yerinə yetirilməsi Aparatın rəhbərinə (M.Eynullayev) tapşırılsın.
İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
8 iyun 2015-ci il 
644

Əlavə: