Sual: Təhsil Nazirliyi aqraryönümlü ilk-peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərə hansı məsələləri daxil etməyi planlaşdırır? Aqraryönümlü ilk-peşə ixtisas təhsili müəssisələrini bitirənlərin neçə nəfəri işlə təmin olunub?

Cavab: Məlumat üçün bildiririk ki, hazırda ilk peşə-ixtisas təhsili müəssisələrindən 45-də 19 ixtisas üzrə kənd təsərrüfatı istiqamətində kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslar “Arıçı”, “Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru-avtomobil sürücüsü”, “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər”, “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası)”, ”Heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru”, “Heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru”, “Heyvanlara baytar xidməti köməkçisi”, “Heyvanlarda süni mayalanma üzrə texnik”, “Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, avtomobil sürücüsü (BC)”, “Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü”, “Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər”, “Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, avtomobil sürücüsü”, “Meyvə-tərəvəz ustası”, “Quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru”, “Tərəvəz ustası”, “Traktorçu-maşinist”, “Üzüm ustası” və başqalarıdır.
2013-cü buraxılış ilində ilk peşə-ixtisas təhsili müəssisələrindən 14815 nəfər şagird məzun olub. Onlardan 4599 nəfəri həqiqi hərbi xidmətə gedib, 362 nəfəri təhsillərini davam etdirib və 4465 nəfəri işlə təmin olunub. Onlardan 778 nəfəri aqrar istiqamətdə işləyənlərdir.
Kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnikası alınıb. Bu proses davamlı olaraq aparılacaq və kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış peşə təhsili müəssisələrinin maddi-texniki bazası müasir standartlar səviyyəsinə çatdırılacaqdır.
Kənd təsərrüfatı sahəsi üzrə təhsil almış şəxslərin işlə təminatı ilə əlaqədar onu bildiririk ki, nazirlik mütəmadi olaraq regionlarda yerləşən aqrar müəssisələrlə əlaqə yaratmağa çalışır və birgə kadr hazırlığının həyata keçirilməsi ilə bağlı layihələr həyata keçirir. Bu addımlar təhsil müəssisələrinin məzunlarının işlə təminatının yüksəlməsinə də müsbət təsir göstərməkdədir. 

Sual: Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımadığını bildirib. Bilmək istərdik ki, ötən il Təhsil Nazirliyinə həmin şirkətlərlə bağlı nə qədər şikayət xarakterli müraciət daxil olub?

Cavab:  Vətəndaşların nəzərinə bir daha çatdırmaq istərdik ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar. Bu şirkətlərin fəaliyyətindən irəli gələn çətinliklərin tələbə və gənclərimizin taleyi ilə birbaşa əlaqəli olduğunu nəzərə alaraq bildiririk ki, Təhsil Nazirliyinə bir şikayətin belə daxil olması bizi dərindən narahat edir.
Bəzi vətəndaşlar sadəcə xaricdə təhsil xatirinə bu cür vasitələrdən istifadə etsələr də, onlar nəzərə almalıdırlar ki, təhsil hər zaman əldə edilmiş bilik və bacarıqlar əsasında qiymətləndirilir. Bu bilik və bacarıqlar gənclərimizin hərtərəfli inkişafında və gələcəkdə layiqli işlə təmin olunmalarında müstəsna rol oynayır. Təəssüf ki, bəzi şirkətlər tərəfindən reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş yollarla (attestatla) tələbə qəbulu təşkil edilir ki, burada da yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr həm zəmanənin, həm də əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi çətinliklərlə üzləşmə təhlükəsi ilə qarşılaşa bilərlər. 
Bizi narahat edən digər bir hal isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə baxmayaraq, sənəd qəbulunda iştirak etmək məqsədilə şirkətlər tərəfindən vətəndaşlardan kifayət qədər xidmət haqqı tələb olunmasıdır. Halbuki, müasir İKT bacarıqlarından yararlanan və təhsil almaq istədiyi ölkənin tədris dilini bilən gənc həm xarici ali məktəbə qəbul prosesini, həm də Dövlət Proqramına sadələşdirilmiş elektron ərizə üzrə müraciəti özü həyata keçirə bilər. 
Bundan əlavə, bəzi xaricdə təhsil şirkətləri gənclərimizə Dövlət Proqramı ilə bağlı müxtəlif həqiqəti əks etdirməyən vədlər verir və beləliklə, qanunu ciddi qaydada pozmaqla yanaşı, onların valideynlərini böyük maddi çətinliklərlə üz-üzə qoyur. Belə hallarla rastlaşan tələbə və valideynlərdən diqqətli olmalarını, heç bir şəxs və şirkətlər tərəfindən verilən vədlərə inanmamalarını və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat vermələrini xahiş edirik.
Hazırda Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu və seçim prosesinin sadələşdirilməsi istiqamətində işləri davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa Nazirliyə müraciət etmələrini tövsiyə edir. 

Sual:  Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinın iclasında çıxışı zamanı deyib ki, növbəti akademik ildən başlayaraq, Təhsil Nazirliyi öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır. Zəhmət olmasa, bu layihələr barədə məlumat verərdiniz. Tələbə qrantları kimlərə və hansı şərtlərlə veriləcək? Kredit sistemi nələri nəzərdə tutacaq? Bu sistemin faydaları nələrdən ibarət olacaq?

Cavab:  Aztəminatlı ailələrdən olan tələbələrin təhsil almaq imkanlarının artırılması və stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən təhsil qrantları və kreditlərinin verilməsi mexanizminin hazırlanması üzərində işə başlanılmışdır. Tələbə qrantları və kreditlərinin verilməsi üçün tələbələrin təhsildə göstərdikləri akademik nailiyyətləri əsas götürüləcək. İctimaiyyətə isə bu barədə ətraflı məlumat veriləcəkdir.

Sual: Bu gün elə fəlsəfə doktorları var ki, onlar orta məktəblərdə müəllim kimi fəaliyyət göstərmək istəyirlər. Lakin bu fəaliyyət üçün onların imtahan verməsi tələb olunur. Sizcə, fəlsəfə doktoru olan şəxs hər hansı ali məktəbin bakalavr pilləsini bitirən gəncdən fərqlənməlidirmi? 

Cavab: Müəllimlərin işə qəbulu vahid qaydalar əsasında həyata keçirilir. Müsabiqənin birinci mərhələsində elmi dərəcəyə görə üstünlük nəzərdə tutulmuşdur.
Həmçinin Qaydalarda nəzərdə tutulmuşdur ki, ixtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş şəxslərin işə qəbulu Təhsil Nazirliyinə müraciət əsasında həyata keçirilir. 

Sual: Təhsil Nazirliyi tərəfindən məktəblilərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinq aparılırmı?

Cavab: Şagirdlərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinqlər,  əsasən, davamlı olaraq yerli təhsil orqanları tərəfindən aparılır. İcra nümayəndəlikləri, müvafiq  hüquq-mühafizə təşkilatları da təhsildən yayınmanın qarşısının alınmasında iştirak edirlər.
Təhsil Nazirliyinin nümayəndələri yerlərdə olarkən həmin məsələ ilə yaxından maraqlanır, seçmə yolla araşdırmalar aparırlar.

Sual: Məktəbdən yayınma hallarının qarşısı necə alınır?

Cavab: Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur.

Sual: Məktəblər Təhsil Nazirliyinə icbari təhsilin yerinə yetirilməsi ilə bağlı nə kimi məlumatlar verir?

Cavab: Dərs ilinin əvvəlinə olan hesabat formasında belə şagirdlərin sayı barədə məlumat verilir.

Sual: 12 illik təhsil sisteminə keçidlə əlaqədar hansı yeniliklər var?

Cavab:  12 illik ümumi təhsilə keçidlə bağlı icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır.

Sual: Azərbaycanlı tələbələr daha çox hansı xarici ölkələrdə ali təhsil almağa üstünlük verir?

Cavab: Xaricdə dövlət hesabına təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ikitərəfli hökumətlərarası çərçivəsində müqavilələr (dövlət xətti) əsasında həyata keçirilir.
Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ölkələrə, əsasən Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya Federasiyası, Fransa, Niderland Krallığı, ABŞ, İsveçrə, Avstraliya və Çin aiddir.

Sual: Xarici ölkə universitetlərində təhsil alan azərbaycanlı tələbələr daha çox hansı ixtisasları seçir?

Cavab: Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ixtisaslara tibb, iqtisadiyyat, İKT, sosial və humanitar elmlər, mühəndislik, idarəetmə, turizm, neft sənayesi və s. aiddir.