Sual: Məktəbəhazırlıq qruplarına hansı sənədlər tələb olunur?

Cavab:

1. Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda));

2. Uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);

3. 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

4. Məktəb direktorunun adına ərizə; Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”

Sual: Məktəbəhazırlıq qruplarına sənəd qəbulu nə zaman başlayır?

Cavab:

• Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

• Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu isə mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu 01.08.2017-ci il tarixdən 18.09.2017-ci il tarixədək həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə 15.08.2017-ci il tarixdən 30.09.2017-ci il tarixədək məktəbə müraciət etmək lazımdır.

Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir   məhdudiyyət varmı?    

Cavab:

• Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət qoyulmur.

Sual: Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?  

Cavab:

• Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.

Sual: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olur? 

Cavab:

1. Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

2. Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;

3. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Sual:   Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə bilər?    

Cavab:

• Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.

• Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.

Sual:   Məktəbəhazırlıq qruplarında tətillər nə zamandır?   

Cavab:

• 5 gün payız tətili (16-20 noyabr);

• 5 gün qış tətili (27-31 yanvar);

• 5 gün əlavə tətil (1-5 may).

Sual:   Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib?   

Cavab:

• Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır.

• I yarımil: 1 oktyabr-26 yanvar;

• II yarımil: 1 fevral-31 may.

Sual:  Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılırmı?   

Cavab:

• Uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

• Məktəbəhazırlıq qruplarında davamiyyət müvafiq sinif jurnalında qeyd edilir.

Sual:  Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilirmi?   

Cavab:

 • Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.