Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi ilə bağlı suallar və onların cavabları

Sual: Formal, informal və qeyri-formal təhsil arasında fərqlər nələrdir?

Cavab: Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

 

Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi hansı qaydalarla tənzimlənir?

Cavab: Bu proses Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçiriləcək.

 

Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün kimlər müraciət edə bilər?

Cavab: Ümumi orta təhsili səviyyəsini ən az 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar  qiymətləndirilmə və tanınma üçün müraciət edə bilər.

 

Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması vətəndaşlara hansı hüquqları verəcək?

Cavab: Prosesin yekununda verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

 

Sual: Vətəndaşlar peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün nə etməlidirlər?

Cavab: Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması  üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır. Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, pandemiya ilə əlaqədar mövcud karantin rejimini nəzərə alınmaqla, proses üzrə müvafiq mexanizmlər və prosedur qaydaları hazırlanacaq və bu barədə Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün hansı sənədlər tələb olunur?

Cavab: Bu barədə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın  “Sənədlərin qəbulu və ilkin baxışının aparılması” adlı 4-cü bölməsi vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.