Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları

Sual: Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?

Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

 

Sual: Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Cavab: Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

 

Sual: Builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Cavab: Builki müsabiqədə hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

 

Sual: Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər 16-25 iyul tarixlərində miq.edu.az  saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.

 

Sual: miq.edu.az saytından qeydiyyatdan keçərkən nəyə xüsusi diqqət yetirmək lazımdır?

Cavab: Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcək. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcək.

 

Sual: Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?

Cavab: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

 

Sual: Test imtahanı necə və harada təşkil olunacaq?

Cavab: Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindın əvvəlcədən elan edəcəyi qrafika uyğun cari ilin avqust ayında həyata keçiriləcək.

 

Sual: Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?

Cavab: Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

 

Sual: Yerdəyişmə və daimiləşmə müsabiqəsində uğur qazanmış şəxslər builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?

Cavab: Hazırda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında çalışan müəllimlər builki müsabiqədə iştirak edə bilməzlər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.

 

Sual: Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?

Cavab: Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz  olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

 

Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Cavab: Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

 

Sual: Qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsi bildirişinə görə imtina verilərsə, namizəd nə etməlidir?

Cavab: Əgər qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsinin müddətsiz olmasına görə imtina verilibsə, bu zaman ümumi təhsil müəssisəsinin direktoruna müraciət olunmalı, əmək müqaviləsinin elektron bildirişində müvafiq düzəliş edilməsi tələb olunmalıdır.

 

Sual: Ötən tədris ilində müddətli müqavilə əsasında çalışıb hazırda işləməyən şəxslər bu müsabiqədə iştirak edə bilərlərmi?

Cavab: Bəli, əmək müqaviləsi ləğv edildiyi üçün həmin şəxslər də müsabiqədə iştirak edə bilərlər.

 

Sual: Builki müsabiqənin müsahibə mərhələsi nə zaman və necə keçiriləcək?

Cavab: Müsabiqənin müsahibə mərhələsi Təhsil Nazirliyinin elan edəcəyi qrafika uyğun olaraq onlayn formada keçiriləcək.

 

Sual: Builki test imtahanlarının təşkili zamanı təhlükəsizlik qaydaları necə təmin ediləcək?

Cavab: Builki müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin ediləcək.