Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ilə bağlı ən çox verilən suallar və cavabları

Sual:  Müsabiqədə kimlər iştirak edə bilər?

Cavab: Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər bu müsabiqədə iştirak edə bilərlər.

 

Sual:  Müəllimlərin iş yeri nəyə əsasən dəyişdirilir?

Cavab: Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.

 

Sual:  İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulub?

Cavab: Xeyr, bu müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək.

 

Sual:  Müsabiqə iştirakçılarının imtahan ballarının artım əmsalı ilə hesablanması necə həyata keçiriləcək?

Cavab: Qeydiyyat başa çatdıqdan sonra  elektron yerləşdirmə zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

 

Sual:  Müsabiqəyə çıxarılan vakant yerlərlə necə tanış olmaq olar?

Cavab: Namizəd elektron qeydiyyatdan keçərkən yalnız öz ixtisasına uyğun olaraq vakansiyalarla  tanış olub 4 vakant yer seçim edə biləcək.

 

 Sual:  İki ixtisaslı müəllim cari işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisası üzrə iş yerini dəyişə bilərmi?

Cavab:  Müsabiqədə iştirak edən müəllim diaqnostik qiymətləndirmə və ya işə qəbul imtahanı nəticəsi olduğu halda ikinci ixtisası üzrə iş yerini dəyişə bilər.

 

Sual:  Elektron ərizəni təsdiq etdikdən sonra vakansiya seçimini dəyişmək olarmı?

Cavab: Xeyr, elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir.

 

Sual:  Daimiləşmə müsabiqəsində uğur qazanmış namizədlər bu müsabiqədə iştirak edə bilərmi?

Cavab: Daimiləşmə müsabiqəsində uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

 

Sual:  Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərmi?

Cavab:  Bəli, iş yerini dəyişən müəllimlərə işə qəbul müsabiqəsində iştirak etmək imkanı yaradılacaq.