Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə dair sual-cavab

Sual: Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsində kimlər iştirak edə bilər?

Cavab: Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər

 

Sual: Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu necə həyata keçirilir?

Cavab: Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir.

 

Sual: Müsabiqədə iştirak etmək üçün namizədlərdən nə tələb olunur?

Cavab: Namizədlər www.miq.edu.az/direktorlar  linkinə daxil olub qeydiyyatdan keçməklə şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

 

Sual: Namizədlər elektron ərizələrində neçə vakant yer seçə bilərlər?

Cavab: Namizədlərə hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) üzrə 4 vakant yer seçə bilərlər.

 

Sual: Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu necə müəyyənləşdirilir?

Cavab: Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən elektron ərizələr təsdiq edilir.

 

Sual: Test imtahanı necə təşkil olunur?

Cavab: Müsabiqənin test imtahanı mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur. 

 

Sual: Müsabiqədə keçid balı nə qədərdir?

Cavab: Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

 

Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Cavab: Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.

 

Sual: Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

Cavab: Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim etməlidirlər.

 

Sual: Namizədlərin vakant yerlərə yerləşdirilməsi necə həyata keçirilir?

Cavab: Müsahibə mərhələsinin nəticəsinə əsasən, seçim ardıcıllığı nəzərə alınmadan komissiya tərəfindən namizədlər vakant yerlərə yerləşdirilirlər.

 

Sual: Vakant direktor vəzifəsini tutmuş namizədlə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?

Cavab: Müsabiqənin nəticəsinə əsasən, vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.

 

Sual:  İşə qəbul olmuş direktorların iş yerinin dəyişdirilməsi həyata keçirilirmi?

Cavab: Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq nazirlik tərəfindən qərar qəbul edilməklə onların yerdəyişməsinə icazə verilir.