Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə

 

QƏRARA ALIRAM:

 

1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün hər biri 185 (yüz səksən beş) manat məbləğində Prezident təqaüdü təsis edilsin.

2. Müəyyən edilsin ki, Prezident təqaüdü Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

3. Müəyyən edilsin ki, Prezident təqaüdünün verilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin təhsil xərcləri maddəsi hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2011-ci il.