Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 6 noyabr
 tarixli 242 nömrəli qərarı ilə
təsdiq edilmişdir
3 №-li Əlavə
 
Ali məktəbin sahə elmi-tədqiqat laboratoriyası haqqında əsasnamə
 
1. Xalq təsərrüfatının müvafiq sahəsinin mühüm elmi-texniki problemlərinin həll edilməsi məqsədilə ali məktəbin professor-müəllim heyətinin, doktorantların, aspirantların və tələbələrin geniş cəlb edilməsi ilə ali məktəbdə sahə elmi-tədqiqat laboratoriyası (gələcəkdə sahə laboratoriyası) yaradılır.
2. Sahə laboratoriyası ali məktəbin elmi-tədqiqat şöbəsinin tərkibində sifarişçi nazirliklə (idarə) ali məktəbin tabe olduğu nazirliyin birgə razılığı əsasında, ali məktəbin tabe olduğu nazirliyin əmri ilə yaradılır.
Sifarişçi nazirlik (idarə) sahə laboratoriyasının yaradılması üçün əmək limitlərini ali məktəbə verir.
3. Sahə laboratoriyasının fəaliyyəti ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnaməyə müvafiq həyata keçirilir.
4. Sahə laboratoriyasının əsas vəzifələri:
- təsdiq edilmiş istiqamətlər üzrə nəzəri və təcrübi fundamental elmi-tədqiqatların yerinə yetirilməsi;
- laboratoriyada başa çatmış tədqiqatların nəticələrinin istehsalata tətbiq edilməsi və müəllif nəzarətinin həyata keçirilməsi;
- elmi-pedaqoji kadrların va mütəxəssislərin elmi səviyyəsinin yüksəldilməsi.
5. Sahə laboratoriyasının elmi istiqamətləri tabe olduğu nazirlik tərəifndən sifarişçi təşkilatın tabe olduğu nazirliklə birlikdə təsdiq edilə və dəyişdirilə bilər.
6. Sahə laboratoriyasının elmi-tədqiqat işləri sifarişçi təşkilatla bağlanan müqavilələr və müvafiq planlar əsasında yerinə yetirilir. Planlar sifarişçi nazirlik tərəfindən təsdiq edilir.
7. Sahə laboratoriyası müvafiq sənaye, elmi-tədqiqat, layihə-texnoloji sahə təşkilatları ilə sıx əlaqədə elmi-tədqiqat işləri yerinə yetirir.
8. Sahə laboratoriyasının fəaliyyətinə, bir qayda olaraq professor və ya elmlər doktoru rəhbərlik edir. Elmi rəhbər ali məktəbin müvafiq kafedralarının əməkdaşları sırasından rektor tərəfindən təyin olunur və azad edilir.
Sahə laboratoriyasının elmi rəhbəri:
- aparılan tədqiqatların elmi və metodik səviyyəsinə, onların vaxtında yerinə yetirilməsinə, elmi nəticələrin alınmasına cavabdehdir;
- elmi-tədqiqat işlərinin planlarının tərtibini və icrasını təmin edir;
- laboratoriyanın başqa elmi tədqiqatlarla və ali məktəbin müvafiq kafedraları ilə fəaliyyətini əlaqələndirir;
- ali məktəbin professor-müəllim heyətini, doktorantları, aspirant və tələbələri laboratoriyada elmi-tədqiqat işləri aparmasına cəlb edir və laboratoriyanın ştatlı işçilərinin tədris prosesində iştirak etməsinə şərait yaradır;
- laboratoriyanın elmi işçilərinin və başqa mütəxəssislərinin attestasiyasını təşkil edir;
- xüsusi əhəmiyyətə malik olan və ya zərərli amillərlə bağlı işlərin yerinə yetirilməsində iştirak edən əməkdaşlara əlavə əmək haqqı ayrılması barədə məsələ qaldırır.
Sahə laboratoriyasının işçilərinin sayı 8 nəfrədən az olmadıqda elmi rəhbərin təşəbbüsü ilə rektor tərəfindən laboratoriyaya müdir vəzifəsi müəyyən edilə bilər. Müdir laboratoriyanın elmi rəhbərinin təqdimatı əsasında rektorun əmri ilə təyin edilir.
Laboratoriyanın müdiri laboratoriyanın cari fəaliyyətini təşkil edir və bilavasitə əməkdaşların işinə rəhbərlik edir.
9. Sahə laboratoriyasında elmi-tədqiqait işləri laboratoriyanın ştat işçiləri, ali məktəbin professor-müəllim heyəti, rəhbər, mühəndis-texniki işçiləri və başqa mütəxəssisləri, tədris-köməkçi heyəti, tələbələri tərəfindən və daxili ştat əvəzçiliyi şərtləri ilə cəlb edilmiş işçilərlə aparılır.
Sahə laboratoriyalarının ştat cədvəli ali məktəbin rektoru tərəfindən təsdiq edilir.
10. Sahə laboratoriyası ali məktəbdə və ya sifarişçi nazirliyin (idarənin) müəssisə və təşkilatlarında yerləşdirilir.
11. Sahə laboratoriyasının təşkili haqqında təkliflər aşağıdakıları əhatə etməlidir:
- təklif edilən sahə laboratoriyasının yaradılmasının məqsəd və vəzifələri (laboratoriyanın elmi istiqamətləri və tədqiqatların gözlənilən nəticələrinin texniki-iqtisadi dəyəri);
- təklif olunan elmi rəhbər;
- ali məktəbdə və ya sifarişçi nazirliyin (idarənin) müəssisə və təşkilatlarında laboratoriyanın normal fəaliyyəti üçün ayrılan sahə haqqında məlumat;
- yeni yaradılacaq sahə laboratoriyasına elmi himayədarlıq edəcək kafedranın adı, onun professor-müəllim heyəti haqda məlumat;
- sifarişçi tərəfindən sahə laboratoriyasında görüləcək elmi-tədqiqat işlərinin dəyərinin ödənilməsi məqsədilə ayrılan maliyyə vəsaitin həcmi.
12. Sahə laboratoriyasının mühasibat uçotu və maliyyə əməliyyatları ali məktəbin mühasibatlığı tərəfindən həyata keçirilir.
13. Sahə laboratoriyasının fəaliyyətinə nəzarət ali məktəbin tabe olduğu nazirlik (idarə) və sifarişçi nazirlik (idarə) tərəfindən həyata keçirilir.
14. Sahə laboratoriyası ali məktəbin tabe olduğu nazirlik (idarə) və sifarişçi nazirliklərin (idarələrin) birgə qərarına əsasən ali məktəbin tabe olduğu nazirliyin əmri ilə ləğv və yenidən təşkil edilə bilər. Sahə laboratoriyasının ləğv edilməsi haqqında qərar qəbul edildikdən sonra bu barədə ali məktəbə məlumat verilməli və həmin sahə laboratoriyasının fəaliyyəti üç aydan gec olmayaraq dayandırılmalıdır. Laboratoriya ləğv edildikdən sonra avadanlıq və başqa əmlak ali məktəbin balansında saxlanılıb, müvafiq elmi-tədqiqat (sahə) laboratoriyalarına və ya kafedralara verilir.
15. Sahə laboratoriyasının fəaliyyəti ilə bağlı bu Əsasnamədə nəzərdə tutulmayan bütün məsələlər, ali məktəbin tabe olduğu nazirlik tərəfindən həll edilir.