“Azərbaycan müəllimi” qəzeti

Müasir milli məktəb və demokratik mətbuatın yaranmasının bünövrəsi XIX əsrdə qoyulsa da, Azərbaycan təhsili, elmi və mədəniyyəti əsasən XX əsrdə hərtərəfli inkişaf yolu keçib. Məhz bu dövrdə ölkəmizdə savadsızlıq ləğv edilib, tam orta icbari təhsil tətbiq olunub, təhsil müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaradılıb, Azərbaycan Milli Elmlər Akademiyasının əsası qoyulub, minlərlə qəzet-jurnal çap olunmağa başlayıb.
Bu baxımdan ötən yüzilliyin 30-cu illəri daha dinamik inkişaf dövrü kimi səciyyələndirilə bilər. Artıq 30-cu illərin sonunda Azərbaycanda xalqın savadlılıq səviyyəsi xeyli yüksəlmiş, ali və orta ixtisas məktəblərinin, elmi-tədqiqat, mədəni-maarif müəssisələrinin şəbəkəsi xeyli genişlənmişdi. 1937-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildi və mədəni inqilab adı ilə geniş maarifləndirmə proqramları həyata keçirilməyə başlandı. Təsadüfi deyil ki, ikinci dünya müharibəsi ərəfəsində respublikamızda dörd mindən çox ibtidai, 16 ali məktəb fəaliyyət göstərirdi.
Hələ 30-cu illərin ortalarında əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalıların yetişməsi və informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu.
Beləliklə, 1934-cü il sentyabrın 2-də “ Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet “mədəni inqilab”ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli       elmi–pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilin inkişafında müstəsna rol oynayırdı. Bu mətbu orqan kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, ilk gündən mövcud çərçivəyə sığmır və daha çox ümumxalq qəzeti kimi diqqəti cəlb edirdi. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək qəzetin nəşri dayandırıldı, qəzetin əməkdaşları döyüşən ordu sıralarına yollandılar.
Qeyd etmək lazımdır ki, qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edir. Qəzetin ilk müəlliflərindən bir çoxu amansız Stalin repressiyalarının qurbanı olub. Bəziləri NKVD zindanlarına atılaraq onlara “xalq düşməni” damğası vurulub, əməkdaşların bir qismi isə Böyük Vətən müharibəsində həlak olub.
1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də öz üslubuna, dəst-xəttinə, başlıcası isə məramına və amalına sadiq qalıb. Onu çoxminli oxucu auditoriyasına sevdirən də məhz bu keyfiyyətlərdir.
Şübhəsiz ki, ziyalı kimi tanınmaq  və bu adı qoruyub saxlamaq o qədər də asan deyil. Sıravi müəllimindən tutmuş adlı-sanlı elm adamlarına, dövlət xadimlərinədək hamının yekdil fikrinə görə “Azərbaycan müəllimi” təhsilimizin, elmimizin, mədəniyyətimizin inkişafında əvəzsiz rol oynayır və bu ənənəni ölkə təhsilində gedən hərtərəfli islahatlar və  qlobal yeniləşmə dövründə də uğurla davam etdirir.
Ümummilli liderimiz Heydər Əliyevin qəzetin 60 illik yubileyi münasibətilə redaksiya kollektivinə göndərdiyi təbrik məktubunda “Azərbaycan müəllimi”nin fəaliyyətinə layiqli qiymət verilib, qəzetin ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib. Məktubda qeyd edilən müddəalar hələ neçə-neçə illər bundan sonra da qəzetin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, kollektivə yeni ruh verəcək. Həmin tarixi məktubda deyildiyi kimi: «Azərbaycan müəllimi yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublikanın həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikada jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır. Bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir».
Artıq oxuculara doğmalaşan, öz sanbalı və nüfuzu ilə fərqlənən “Azərbaycan müəllimi” müstəqil dövlətimizin milli təhsil quruculuğuna, milli-mənəvi dəyərlərə söykənən yeni təhsil sisteminin formalaşması işinə xidmət edir. Sözsüz ki, yeniləşən cəmiyyətə yeni təfəkkürlü insanlar, rasional düşüncə tərzinə malik, demokratik ruhlu mütəxəssislər, müasir dünyagörüşə sahib olan gənclik olduqca gərəklidir. Bu isə öz növbəsində təhsilin, ilk növbədə orta məktəb təhsilinin həm forma, həm də məzmunca yeniləşməsini tələb edir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə ərsəyə gələn və 1999-cu ildən həyata keçirilən “Təhsil sahəsində islahat Proqramı” inkişaf etmiş demokratik cəmiyyət quruculuğunda önəmli və müstəsna əhəmiyyət kəsb edir. Təhsil islahatlarının həyata keçirilməsinə başlandığı ilk gündən bu işə layiqli töhfələr verən “Azərbaycan müəllimi” faydalı təşəbbüsləri, qabaqcıl təcrübəni yaymaq, yenilikçi müəllimlərin iş metodlarını ümumiləşdirib pedaqoji ictimaiyyətə çatdırmaq, ortaya çıxan problemlərin aradan qaldırılmasına yardımçı olmaq baxımından az iş görməyib. Respublikanın adlı–sanlı alimləri, təhsil işçiləri, pedaqoqlar, müəllimlər, ziyalılar müntəzəm olaraq qəzetdə çıxış edərək islahatın gedişinə dair öz mülahizələrini söyləyir, müasir təhsil quruculuğunun müxtəlif aspektlərini şərh edirlər.
“Azərbaycan müəllimi” ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti nümunəsində gənclərin tərbiyə edilməsi, onun siyasi irsinin öyrənilməsi zəminində gənc nəslin fəal həyata hazırlanması sahəsində əhəmiyyətli addımlar atmağa nail olub. Son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində baş vermiş köklü dəyişikliklər, yüzlərlə yeni məktəbin və əlavə korpusun inşa olunması, tədris ocaqlarının təchizatı məsələlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, təhsil müəssisələrinin qazandığı uğurlar qəzetin aparıcı mövzularındandır. Eləcə də, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi misilsiz qayğı, Fondun dəstəyi ilə reallaşdırılan müvafiq layihələrin cəmiyyətdə, xüsusilə, müəllim və şagirdlər arasında doğurduğu xoş təəssürat “Azərbaycan müəllimi”nin səhifələrində əksini tapır, belə xeyirxah addımlar yaxşı bir örnək kimi təqdim olunur.
“Azərbaycan müəllimi” qəzeti ümummilli liderimizin dediyi kimi, ictimai-siyasi həyatımızın bütün sahələrinə nüfuz edib. 1981-ci ildə Azərbaycan Yazıçılar İttifaqının VII qurultayında çıxış edən Heydər Əliyev o vaxta qədər çoxlarının düşünməyə, dilinə gətirməyə qorxduğu, əslində isə hər bir azərbaycanlının ürəyindən xəbər verən bir mövzuya toxunaraq deyib: “Qanlı çar və qanlı şah rejimi xalqımızı iki yerə parçalamışdır. Lakin torpaq birdir, ədəbiyyat birdir....” Bundan sonra bir əsrə yaxın qələmə alınmayan “Cənub  mövzusu”, “Təbriz mövzusu” yenidən aktuallaşdı. Həmin illərdə bu çağırışa ən birinci səs verən “Azərbaycan müəllimi” qəzeti oldu. “Cənubdan gələn səslər” rubrikası ilə cənublu qardaşlarımızın əsərlərindən seçmələr dərc edilir, qəzetin səhifələri əldən-ələ gəzirdi. Məhz bundan sonra biz Cənubi Azərbaycanın adını ucadan çəkə bildik, güneydə yaşayan milyonlarla həmvətənimizin dərdləri, qayğıları ilə yaxından tanış olmaq imkanı qazandıq.
“Azərbaycan müəllimi” həmişə əsl ziyalıların, elm və maarif xadimlərinin tribunası olubdur. Qəzetdə akademik Mehdi Mehdizadə, görkəmli alimlər Əhməd Seyidzadə, Mərdan Muradxanov, Şövqi Ağayev, Nurəddin Kazımov, Zahid Qaralov, Bəşir Əhmədov, Misir Mərdanov, Əliheydər Həşimov, Yəhya Kərimov, Əziz Əfəndizadə, Hüseyn Əhmədov, Əkbər Bayramov, Əbdül Əlizadə, Əjdər Ağayev, xalq müəllimləri Zahid Şöyübov, İsrafil Şükürov, əmək qəhrəmanları Məsmə Atakişiyeva, Zərbəli Səmədov, Məhər Quliyev, İsa Məmmədov və başqaları çıxış ediblər. Bu insanların müxtəlif məsələlər haqqında fikir və mülahizələrinin geniş ictimaiyyətə çatdırılmasında “Azərbaycan müəllimi” əhəmiyyətli rol oynayıb.
Müxtəlif illərdə qəzetə rəhbərlik etmiş Rüstəm Hüseynovun, Ağəli Bədəlovun, Mirabbas Aslanovun, Şahin Səfərovun, Məhəmməd Baharlının və hazırkı Baş redaktor Bayram Hüseynzadənin xidmətləri və zəhməti “Azərbaycan müəllimi”nin keçdiyi zəngin inkişaf yolunda və qazandığı uğurlarda öz təcəssümünü tapır. Bu gün inamla demək olar ki, qəzet müasir jurnalistikanın bütün zəruri tələblərinə cavab verir, öz fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik prinsiplərinə əsaslanır. “Azərbaycan müəllimi” məzmun zənginliyi, mövzu rəngarəngliyi sarıdan ciddi irəliləyişə nail olub, dizayn və materialların yerləşdirilməsi baxımından düzgün istiqamət tutmağı bacarıb. Qəzetin internet saytı oxucu auditoriyasının daha da genişlənməsinə, pedaqoji maarifçilik işinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Qəzetə olan yüksək ictimai marağın nəticəsidir ki, son illərdə “Azərbaycan müəllimi”nin tirajı nəzərəçarpacaq dərəcədə artıb.
Qazanılan uğurlardan arxayınlaşmayan “Azərbaycan müəllimi” qəzetinin kollektivi öz fəaliyyətini daha da genişləndirməkdə və inkişaf etdirməkdədir. Kollektivin hər bir üzvü tam məsuliyyətlə anlayır ki, müstəqil dövlətimizin təhsil siyasətinin təbliğatçısı funksiyasını layiqincə yerinə yetirmək olduqca şərəfli və çətin işdir. Heç bir şübhə yoxdur ki, “Azərbaycan müəllimi” qəzeti öhdəsinə düşən belə ümdə vəzifəni layiqincə yerinə yetirməklə yanaşı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində də öz səylərini əsirgəməyəcəkdir.