2024/2025-ci tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulunun aparılması barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. 2024/2025-ci tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə sənəd qəbulu (ərizələrinin onlayn qeydiyyatı) elektron sistem vasitəsilə həyata keçirilsin.
2. Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə ərizələrinin onlayn qeydiyyatına 2024-cü ilin may ayının 29-dan başlanılsın.
3. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (Vüsal Xanlarov) tapşırılsın ki:
3.1 qeydiyyat prosesinin elektron formada aparılması üçün sistemin sazlanma prosesini həyata keçirsin;
3.2 əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə kadr hazırlığı aparan müəssisələrin sistemdən istifadəsini təmin etmək məqsədi ilə təlimlər təşkil etsin.
4. Elm və ali təhsil siyasəti şöbəsi (Turxan Süleyman) elektron sənəd qəbulu prosesində qanunvericilik baxımından yarana biləcək sualların cavablandırılmasını təmin etsin.
5. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (Ülkər Səttarova) sənəd qəbulu aparılan müddətdə bütün kommunikasiya kanalları vasitəsilə daxil olan vətəndaş müraciətlərinin çevik və operativ cavablandırılmasını təmin etsin.
6. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin ali və orta ixtisas təhsili müəssisələri, o cümlədən nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
27 may 2024-cü il
3-29/3-2-316F/2024