• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Müvafiq sahədə görülən işlər və nəzərdə tutulan məsələlərlə bağlı Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədovla görüşüb söhbət etdik.
 -Aydın müəllim, Sizcə, ölkəmizin müharibə şəraitində yaşadığı indiki dövrdə təhsilalanların vətənpərvərlik tərbiyəsinin təşkili vəziyyətini qənaətbəxş hesab etmək olarmı?
- Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Heç şübhəsiz, bu məsələdə ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni mühüm rol oynayır. Belə ki, bu fənn öz məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını,  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.
Təhsil Nazirliyi həmin fənnin tədrisinin təkmilləşdirilməsi, fənnin imkanları daxilində şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, hərbi-idman oyunlarının kütləviliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir, bu məqsədlə aidiyyəti qurumlarla birgə vətənpərvərlik tərbiyəsi üzrə aktual məsələlərə həsr olunmuş müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin təşkilinə hərtərəfli dəstək göstərir.
 Yeri gəlmişkən, bir məqamı da qeyd etmək yerinə düşər ki, bəzən “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin ümumi təhsil məktəblərində daha aşağı siniflərdən tədris olunması ilə bağlı fikirlər səsləndirilir. Əslində, ümumtəhsil məktəblərində fənlərin hər birinin məhz hansı sinifdən başlanması şagirdlərin yaş, fizioloji, psixoloji və qavrama səviyyəsi nəzərə alınmaqla elmi-pedaqoji cəhətdən əsaslandırılıb müəyyən edilmişdir. Adından da göründüyü kimi, bu fənn şagirdlərin ordu sıralarında hərbi xidmətə çağırış öncəsi hazırlığını təmin etməyə yönəlmişdir və yuxarıda da qeyd etdiyim kimi, təhsilalanların vətənpərvərlik tərbiyəsində onun özünəməxsus yeri vardır. Lakin vətənpərvərlik duyğularının aşılanması, gənclərin bu ruhda tərbiyəsi yalnız bu fənnin vəzifəsi deyildir.
 -Yəni Siz demək istəyirsiniz ki, gənclərin vətənpərvərlik tərbiyəsi kimi mühüm bir vəzifənin yükünü yalnız bir fənnin üzərinə qoymaq düzgün deyildir?
-Əlbəttə, gənclərin vətənpərvərlik tərbiyəsini yalnız bir fənnin tədrisi ilə məhdudlaşdırmaq fikri reallıqdan uzaqdır. Belə ki, bütün fənlərin tədrisində, xüsusilə də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar vardır. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün əsl həyat, tərbiyə məktəbidir.
 -Aydındır. Lakin yenə də “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi ilə bağlı məsələlərə qayıtmaq istərdim. Məsələn, problemlərə toxunsaq, yaxşı olardı.  
- Şübhəsiz, fənnin tədrisi ilə bağlı müəyyən problemlər mövcuddur. Hazırda fənnin maddi-tədris bazasının daha da təkmilləşdirilməsi, kadr heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər nəzərdə tutulmuşdur və ardıcıllıqla həyata keçiriləcəkdir.
Məktəblərdə fənn üzrə nümunəvi dərslərin təşkili də diqqət mərkəzindədir. Bu, qabaqcıl pedaqoji təcrübənin aşkara çıxarılması və yayılmasında xüsusi əhəmiyyət kəsb edir. Ötən dərs ilində Bakı şəhərinin bir neçə məktəbində belə dərslər keçirilmiş və KİV-lərdə geniş işıqlandırılmışdı. Növbəti tədris ilində də həmin dərslərin təşkili davam etdiriləcəkdir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, müharibə iştirakçıları ilə təhsilalanların mütəmadi görüşləri keçirilir, məktəblilərə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının həyatı və qəhrəmanlıqları barədə ətraflı məlumatlar verilir.
 -Təhsil Nazirliyi tərəfindən bu sahədə digər dövlət qurumları ilə əməkdaşlq hansı səviyyədədir?
-Təhsilalanların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin əhəmiyyətini, eləcə də ilkin hərbi bilik, bacarıq və vərdişlərin gənclərin inkişafına böyük təsirini nəzərə alaraq, aidiyyəti təşkilatlarla birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm respublika oyunları keçirilir. Həmçinin “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc xilasedici” beynəlxalq turniri, “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunur. Təhsil Nazirliyinin Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Könüllü  Hərbi Vətənpərvərlik Texniki-İdman Cəmiyyəti Respublika Şurası və Respublika Veteranlar Şurası ilə işgüzar əlaqələri mövcuddur.
 -Məktəblilərin vətənpərvərlik tərbiyəsinin səmərəliliyini artırmaq üçün daha hansı tədbirlər nəzərdə tutulur?
-Ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərsin “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunması qərara alınıb.
Vacib məqamlardan biri kimi növbəti dərs ilindən etibarən məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək üçün onların daha sistemli şəkildə hərbi hissələrə aparılması nəzərdə tutulur. Əsas məqsəd hərbi hissələrdəki müasir silah və hərbi texnikalarla şagirdləri tanış etmək, onlardan istifadə qaydaları barədə məktəblilərə ətraflı məlumatlar vermək və əsgərlik xidməti barədə təsəvvürlərini genişləndirməkdən ibarətdir. Eyni zamanda şagirdlərin hərbi xidmətə başlayan əsgərlərin andiçmə mərasimlərində iştirakı da planlaşdırılır.  
Bu il də yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Quba rayonunda “Şahinlər” hərbi vətənpərvərlik düşərgəsi təşkil edilib. Artıq 9-cu ildir ki, davam edən bu layihə çərçivəsində məktəblilərə xüsusi təyinatlı dəstənin üzvləri tərəfindən hərbi dərslər keçirilir, şagirdlər hərbiçilərlə görüşür, əsgər həyatı ilə tanış olur, sıra təlimini öyrənir, ilkin hərbi vərdişlərə yiyələnir və hərbi hissələrə səfərlər edirlər.
Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir bu ay Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaqdır. Düşərgədə uşaqların təlim-tərbiyəsi ilə rayonun orta məktəblərində çalışan fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı, Daxili Qoşunların nümayəndələrindən ibarət qrup düşərgəyə təhkim olunub və onlar burada aparılacaq hərbi hazırlıq və digər tədbirlərin təşkilində yaxından iştirak edəcəklər.


9 il əvvəl