Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

Oktyabrın 5-də Bakı Dövlət Universitetində “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib. 
 
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda baş tutub. 
 
Forumun əsas məqsədi təhsildə yeni çağırışları və müasir yanaşmaları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələri bölüşmək olub. 

 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Foruma ev sahibliyi edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev salamlama nitqi ilə çıxış edərək Forumun 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor müasir universitetin yalnız mütəxəssis hazırlayan deyil, həm də yeni bilik yaradan, elmi tədqiqat və innovasiyaları təşviq edən intellektual mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, təhsil və elmin inteqrasiyasının, tələbələrin tədqiqat bacarıqlarının inkişafının və onların qlobal rəqabət mühitinə hazırlanmasının ali təhsilin əsas prioritetlərindən olduğunu bildirib.

 

Rektor daha təhsilli gələcəyin formalaşdırılmasının ümumi məsuliyyət olduğunu vurğulayaraq texnoloji inkişafın mərkəzində insanın, onun düşüncəsinin, yaradıcılığının və məsuliyyətinin dayanmasının vacibliyini diqqətə çatdırıb. Elçin Babayev Forumun fikir və təcrübə mübadiləsinə, yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

 

“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva Forum iştirakçılarını salamlayaraq bildirib ki, təhsil prosesində innovativ yanaşmaların tətbiqi, müəllimlərin peşəkar inkişafının gücləndirilməsi və milli-mənəvi dəyərlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

 

Adilə Əliyeva bildirib ki, “Regional İnkişaf” İctimai Birliyi elm və təhsil sahəsində layihələrə xüsusi önəm verir. Regionlarda təhsilə marağın artırılması, gənclərin təhsil imkanları barədə maarifləndirilməsi və təhsilin davamlılığının təşviqi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Adilə Əliyeva əvvəlki illərdə həyata keçirilən təhsil təşəbbüsləri, o cümlədən inklüziv təhsilin inkişafına yönəlmiş layihələr barədə də danışıb. Adilə Əliyeva forumun qabaqcıl beynəlxalq təcrübənin və təhsildə yeni yanaşmaların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

 

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev çıxışının əvvəlində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, təhsilin inkişafında onların mühüm rolunu vurğulayıb.

 

Nazir təhsilin əsas məqsədinin hər bir şagirdin öyrənməsini təmin etmək olduğunu bildirərək təhsilin əlçatanlığı, keyfiyyəti və bərabər imkanların yaradılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib. Emin Əmrullayev PISA 2025 nəticələrində Azərbaycanın əldə etdiyi müsbət dinamikanı qeyd edib və bu uğurda müəllimlərin əməyinin xüsusi rolunu vurğulayıb və əlavə edib ki, təhsil hər kəsin bir yerdə, əməkdaşlıq şəraitində görməli olduğu bir işdir. O, həmçinin müasir cəmiyyətin müəllimlərdən yeni bacarıqlar tələb etdiyini və son illərdə fənn müəllimlərinin peşəkar inkişafında əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib.

 

Emin Əmrullayev süni intellektin təhsildə yaratdığı imkanlardan da danışıb. Qeyd edib ki, bu texnologiyalar qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin və müəllim fəaliyyətinin daha çevik ölçülməsi baxımından mühüm imkanlar yaradır. 

 

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer “PISA-dan çıxarılan dərslər: öyrənənləri gələcəyə hazırlamaq” mövzusunda əsas məruzə ilə onlayn formatda çıxış edib. Andreas Şleyxer süni intellekt dövründə tənqidi düşünmə, məlumatı qiymətləndirmə və müxtəlif mənbələr arasında əlaqə qurmaq kimi bacarıqların əhəmiyyətinin daha da artdığını bildirib. O qeyd edib ki, süni intellekt təhsildə hazır cavablara aparan qısa yol kimi deyil, təfəkkürü və öyrənmə prosesini gücləndirən pedaqoji vasitə kimi tətbiq olunmalıdır. Andreas Şleyxer vurğulayıb ki, təhsil sistemi texnologiyanın avtomatlaşdıra bilmədiyi – mürəkkəb vəziyyətlərdə qərar qəbul etmək, etik mühakimə yürütmək, sosial münasibətlər qurmaq və yeni ideyalar yaratmaq kimi insani bacarıqların inkişafına xüsusi diqqət yetirməlidir.

 

Forum çərçivəsində TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni İntellekt Mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən və Varkey Fondunun direktoru Avqustin Porres tərəfindən müxtəlif mövzularda təqdimatlar edilib. Təqdimatlarda “İnformasiya bolluğu, məna qıtlığı”, “Gələcəyin məktəbi: memarlıq öyrənmə, rifah və icmanı necə formalaşdırır?”, “Təhsildə süni intellekt: Sinqapurun ilk təcrübələri” və “Heç kim baxmayanda: süni intellekt dövründə xarakter tərbiyəsi” mövzularına toxunulub.
 
Forum çərçivəsində həmçinin nüfuzlu professor Ziya Səlcuqla sual-cavab sessiyası keçirilib. Müzakirələrdə təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, rəqəmsal pəhriz, məktəb memarlığının öyrənmə motivasiyasına və rifaha təsiri, eləcə də süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi kimi mövzulara toxunulub. 

 

Forum bədii hissə ilə yekunlaşıb.


05.10.2026 - 16:07