Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
Sentyabrın 10-da Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın yardım alan ölkədən donor ölkəyə çevrilməsi, AIDA-nın 15 illik fəaliyyəti və ölkəmizin beynəlxalq inkişaf əməkdaşlığına töhfələri barədə danışıb.
Azərbaycanın beynəlxalq yardım siyasətinin xalqımızın həmrəylik və xeyriyyəçilik ənənələrinə əsaslandığı, bu yanaşmanın xüsusilə təhsil sahəsində özünü büruzə verdiyi diqqətə çatdırılıb. 120-dən çox ölkədən tələbələrin indiyədək Azərbaycanda təhsil aldığı və ya hazırda təhsilini davam etdirdiyi bildirilib.
Xarici işlər naziri çıxışının sonunda Azərbaycanın beynəlxalq yardım siyasətinin gələcəkdə də tərəfdaş ölkələrin milli prioritetlərinə hörmət, qarşılıqlı faydalılıq, təcrübə mübadiləsi və dayanıqlı nəticələr prinsipləri əsasında davam etdiriləcəyini diqqətə çatdırıb.
Konfransda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi təhsil sahəsində qlobal həmrəyliyə töhfə verir. Nazir bildirib ki, Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir və bu yanaşmanı tərəfdaş ölkələrdən olan gənclər üçün konkret imkanlara çevirməyə ardıcıl şəkildə çalışır. Bu siyasətin əsas mexanizmlərindən biri əcnəbi tələbələr üçün həyata keçirilən təhsil qrantlarıdır.
Konfransda digər çıxış edənlər Azərbaycanın beynəlxalq yardım və inkişaf əməkdaşlığı sahəsində əldə etdiyi təcrübəni, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın və dayanıqlı nəticələrin əhəmiyyətini vurğulayıblar.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev konfransın yekununda çıxış edərək ötən 15 il ərzində AIDA Azərbaycanın beynəlxalq humanitar yardım və inkişaf əməkdaşlığından bəhs edib.
Konfrans çərçivəsində həmçinin AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb və panel müzakirələri aparılıb.
Konfrans çərçivəsində həmçinin “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə təhsil alan və akademik göstəriciləri ilə fərqlənən xarici tələbələr sertifikatlarla təltif olunub.
10.09.2026 - 17:00
Digər xəbərlər
-
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14 -
“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
08.09.2026 - 17:55
