Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Emin Əmrullayev Süni İntellekt Akademiyasının açılışında iştirak edib

Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib.
 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.
 

Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar.
 

Qeyd edək ki, “AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.
 

Süni İntellekt Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir.
 

Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Akademik heyət süni intellekt və müasir texnologiyalar sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdən ibarətdir.
 

Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıqlar qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.
 

Süni İntellekt Akademiyası fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması kimi istiqamətlərə xüsusi önəm verir. Burada təhsil alan gənclər və mütəxəssislər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar.
 

Tədbirdə həmçinin süni intellekt geniş dil modeli prototipi təqdim olunub. Bu prototip ümumilikdə 10 milyard token və 1.2 milyon sintetik məlumat üzərində istiqamətli öyrənmə və tənzimləmələr aparılmaqla ərsəyə gətirilib. Layihə Azərbaycanın suveren süni intellekt potensialının mümkünlüyünü nümayiş etdirməklə yanaşı milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.
 

Akademiyanın təqdim etdiyi bütün tədris proqramları tam təqaüdlü əsaslarla həyata keçirilir. Proqramlara qəbulun növbəti mərhələləri və digər yeniliklər barədə məlumatlar “AI Academy” nin rəsmi veb-saytı və sosial media hesablarında yayımlanacaq.


08.09.2025 - 15:07