"Azərbaycan müəllimi" qəzetinin 90 illik yubiley tədbiri keçirilib
Sentyabrın 5-də Nizami Kino Mərkəzində "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Salamlama nitqi ilə çıxış edən qəzetin baş redaktoru Sarvan İbrahimov qəzetin 90 illik tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verib.
Daha sonra qəzetin 90 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub.
Filmin nümayişindən sonra qəzetin saytının redaktoru Çingiz Səfərli yenilənən sayt barədə məlumat verib. Ardınca qəzetin yeni loqosunun müəllifi Nərmin Fərzəliyeva təqdimatla çıxış edib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq “Azərbaycan müəllimi” qəzetinin müəllimlər üçün faydalı mətbu orqan, dəyərli məlumat mənbəyi olduğunu bildirib.
Emin Əmrullayev vurğulayıb ki, "Azərbaycan müəllimi"nin 90 illik yubileyi həm də Azərbaycan təhsilinə 90 illik baxışı əhatə edir. Nazir qəzetin bu gün təhsil sahəsi ilə bağlı cəmiyyətin maarifləndirilməsi, bu sahədə aparılan islahatların keyfiyyətli diskussiyası baxımından əhəmiyyətliliyini də vurğulayıb.
“Azərbaycan müəllimi”nin hər növbəti ildə ölkə təhsilinin tarixi üçün dəyərli bir xəzinəyə çevriləcəyinə inandığını deyən Emin Əmrullayev çıxışının sonunda qəzetin ərsəyə gəlməsində əməyi olan kollektivi təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Azərbaycan müəllimi” qəzetinin ölkənin çap mediası subyektləri sırasında yalnız mövzu dairəsinin özünəməxsusluğu ilə deyil, eyni zamanda jurnalist peşəkarlığı ilə fərqlənən nəşrlərdən biri olduğunu deyib.
Azərbaycan ziyalılarının başlatdığı vacib prinsiplərin hazırda qəzetin nümunələrində qorunub saxlanıldığını diqqətə çatdıran Əhməd İsmayılov dövlət səviyyəsində mətbuata göstərilən diqqət və qayğıdan da söz açıb.
Əhməd İsmayılov çıxışının sonunda qəzetin əməkdaşlarını təbrik edib və yeni yubiley sevincləri arzulayıb.
Çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, "Azərbaycan müəllimi" həm sahə qəzeti, həm də müasir media nümunəsi olaraq fəaliyyətini davam etdirir. Çıxışının sonunda qəzetin əməkdaşlarına uğurlar arzulayan Rəşad Məcid Mətbuat Şurası adından kollektivə ünvanlanmış diplomu baş redaktor Sarvan İbrahimova təqdim edib.
Sonda qəzetin əməkdaşları Elm və Təhsil Nazirliyinin təşəkkürnamə və fəxri fərmanı ilə təltif ediliblər.
06.09.2024 - 11:00
Digər xəbərlər
-
Nazirliyin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
21.12.2024 - 13:44 -
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
20.12.2024 - 19:00 -
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib
20.12.2024 - 17:45 -
"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub
20.12.2024 - 17:02 -
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib
20.12.2024 - 16:00