• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov uşaq hüquqlarının qorunması ilə bağlı görüşdə iştirak edib

İyunun 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə görüş keçirilib.
 

Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Daxili İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti institutlarının məsul nümayəndələri iştirak ediblər.
 

Görüş Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi üzrə BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) tərəfindən qəbul olunmuş Yekun Müşahidələrin uşaq müdafiəsi, təhsil və sağlamlıq sahələrində təhlili, eləcə də müzakirəsi məqsədilə keçirilib.   
 

Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, komitə üzərinə düşən vəzifələri yerinə yetirərək monitorinq və əlaqələndirmə işini davam etdirir, eləcə də bütün tövsiyələr üzrə müxtəlif istiqamətlərdə fəaliyyətlər həyata keçirir. Ötən dövr ərzində hüquqi-normativ aktlarda dəyişikliklər edilməsi ilə bağlı da bir sıra layihələrin hazırlandığını diqqətə çatdıran Bahar Muradova UNICEF-ə uzunmüddətli uğurlu əməkdaşlığa görə təşəkkürünü bildirib. 
 

UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faroq Abdullah uşaq hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan hökumətinin irəliləyişlərə nail olduğunu vurğulayıb. Uşaqlara qarşı və gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən işlərdən danışan Saca Faroq Abdullah BMT-nin aidiyyəti dövlət qurumları ilə effektiv və kompleks şəkildə təşkil olunan əməkdaşlığın önəmini diqqətə çatdırıb.
 

Sonra UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin “Uşaq müdafiəsi” proqramının rəhbəri Vüqar Salmanov BMT-nin Uşaq Hüquqları Komitəsinin uşaq müdafiəsi sahəsində tövsiyələri ilə bağlı təqdimatla çıxış edib. 
 

Daha sonra komitənin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova həyata keçirilən tədbirlər barədə məlumatları diqqətə çatdırıblar. 
 

Görüş ərzində qanunvericilik, strategiya, əlaqələndirmə, doğumun qeydiyyatı və vətəndaşlıq, uşaqlara qarşı zorakılığın qarşısının alınması, ailə mühitində yaşamaq hüququ, əlilliyi olan uşaqlar, uşaq əməyi və küçə mühitində yaşayan uşaqlar, uşaq ədliyyəsi, sağlamlıq və səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, təhsil və digər məsələlər müzakirə edilib.


11.06.2024 - 17:19