“Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb
Noyabrın 23-də Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb.
Festival-konqres iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə güllər düzüblər.
Heydər Əliyev Muzeyində olan ziyarətçilərə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.
Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında festival-konqresin açılış mərasimi keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Açılış tədbirində öncə Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.
Festival-konqresin açılışı münasibətilə tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyət və qiymətini alır. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycana qayıdışdır. Fuad Nəcəfli vurğulayıb ki, Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə artıq başlanılıb və bu məqsədlə konsepsiya qəbul olunub. Festival-konqres də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Fuad Nəcəfli sonda qarşıya qoyulan vəzifələrin icrasında tədbir iştirakçılarına uğurlar arzulayıb.
Festival-konqresin açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922–1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929–1930-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi də mövcud olub. 1981–1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 azərbaycandilli məktəb, 1986–1987-ci tədris ilində isə 206 azərbaycandilli məktəb fəaliyyət göstərib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycandakı bu məktəblərin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərs və seçmə fənlərin daxil edilməsinin vacibliyini vurğulayıb. Nazir həmçinin Azərbaycanın elm, təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi əsərlərin yaradılması zərurətini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponimika məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verib. Əziz Ələkbərov əlavə edib ki, 1987–1991-ci illərdə baş vermiş sonuncu deportasiya zamanı Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıblar, 90-a yaxın kənddə isə azərbaycanlılar əksəriyyət təşkil ediblər. Bütövlükdə 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlı soydaşlarımız yaşayıblar.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva çıxışında beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan zorla çıxarılmasının cinayət əməli hesab olunduğunu diqqətə çatdırıb. Ombudsman bildirib ki, soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılması və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Səbinə Əliyeva beynəlxalq təşkilatlara səslənərək onları Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırıb.
Digər çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival-konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalıların təşkilatçılığı ilə keçirilib.
Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrinə dair kompozisiyalar, mahnılar və folklor nümunələrindən ibarət konsert proqramı, kitab sərgisi, həmçinin kulinariya və maddi-mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alıb.
1 il əvvəl
Digər xəbərlər
-
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
23.12.2024 - 10:20