• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfrans

Sentyabrın 29-da Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.


Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Rəfiqə Əliyevanın dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiyaları, mühüm elmi nəticələri kimya elmi sahəsində ölkəmizin adının tanıdılmasında müstəsna rol oynayıb. Rəfiqə Əliyeva, eyni zamanda, onu tanıyanların yaddaşına vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən, cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə seçilən parlaq bir şəxsiyyət kimi həkk olunub. 


Çıxış edən Rəfiqə Əliyevanın qızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva onun əsl pedaqoq, elm fədaisi, gözəl ana, mübariz vətəndaş olduğunu bildirib. Qeyd edib ki, ömrünün 60 ilini Bakı Dövlət Universitetinə həsr edən Rəfiqə Əliyeva bütün tələbələrinin sevimli müəllimi olub. 


Daha sonra türk dünyasının fəxri, dünyaşöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin konfrans iştirakçılarına məktubu oxunub.


Baş nazirin müavini Əli Əhmədov çıxışında akademik Rəfiqə Əliyevanın universitet alimləri arasında böyük nüfuza malik olduğunu xatırladıb. Bildirib ki, akademik Rəfiqə Əliyeva Azərbaycan elminin, təhsilinin, BDU-nun inkişafında misilsiz xidmətlər göstərib.


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə diqqətə çatdırıb ki, akademik Rəfiqə Əliyevanın neft-qazla çirklənmiş ərazilərin ekologiyasının qorunmasında böyük xidmətləri var. Azərbaycanın neft-kimya, qaz-kimya sənayelərinin inkişafında Rəfiqə Əliyevanın töhfələri böyükdür.


Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, Azərbaycanda kimya elminin inkişafına böyük töhfələr vermiş tanınmış kimyaçı alim, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi onu sevənlərin, həmkarlarının və yetirmələrinin qəlbində hər zaman yaşayır. Firudin Qurbanov bildirib ki, bugünkü elmi-praktiki konfrans əslində böyük alim-müəllimə bəslənən hörmət və ehtiramın parlaq təcəssümü kimi yüksək qiymətə layiqdir. Təsadüfi deyil ki, Azərbaycanda analitik kimya sahəsində ilk qadın akademik kimi elm tarixinə imzasını atmış Rəfiqə xanım şüurlu həyatının yarısından çoxunu ölkəmizdə ali təhsilin bayraqdarı olan BDU-da elmin və təhsilin inkişafına, gənc kimyaçı kadrların yetişdirilməsinə həsr etmiş, alim-ziyalı-müəllim ömrünü bu müqəddəs amal yolunda şam kimi əritmişdir.

 

Nazir müavininin sözlərinə görə, ömrünü kimya elminin inkişafına həsr etmiş akademik Rəfiqə Əliyeva çağdaş təhsil tarixinin bacarıqlı pedaqoq, qayğıkeş müəllim idi. Yarım əsrdən çox BDU-da pedaqoji fəaliyyətlə məşğul olmuş  böyük alim Vətənimizdə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmiş, dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürməyi bacaran alim-müəllim kimi böyük elmi məktəb yaradan ziyalılarımızdan idi. Onun yetirmələri təkcə ölkəmizdə deyil, Vətənimizin hüdudlarından kənarda aparıcı elmi mərkəzlərdə və tanınmış nüfuzlu universitetlərdə çalışır, xalqımıza başucalığı və şöhrət qazandırır. Firudin Qurbanov əlavə edib ki, akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyətində dərslik yaradıcılığı da mühüm yer tutur. Belə ki, əsl elm fədaisi olan alimin qələmindən ali və orta məktəblər üçün 25 dərslik və dərs vəsaiti çıxıb, bir çox dərs vəsaitləri onun rəhbərliyi altında əcnəbi dillərdən ana dilimizə tərcümə edilərək çap olunub. Bu dərsliklər, dərs vəsaitləri Azərbaycanın ali təhsil müəssisələrində tələbə, magistr, müəllim, elmi işçi və doktorantların stolüstü kitabı olub, onların peşəkar mütəxəssis kimi yetişmələrinə öz layiqli töhfəsini verib. Akademik Rəfiqə Əliyeva kimya sahəsində aparıcı alim kimi ali məktəblər üçün elmi-pedaqoji kadrların hazırlanmasına da böyük əmək sərf edib, onun rəhbərliyi altında 20 nəfər kimya üzrə fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru yetişmişdir. Bu baxımdam akademik Rəfiqə Əliyeva ömrü həyatından sonra yetirmələrində davam edən, yaşayan xoşbəxt taleli ziyalılardan biridir.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxışında akademik Rəfiqə Əliyevanın zəngin bioqrafiyasına diqqət çəkərək, onun böyük alim, yüksək intellekt sahibi və tələbkar insan olduğunu qeyd edib.


Sonra “Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyasının prezidenti akademik Valter Koflerin BDU-nun rektoru Elçin Babayevə təbrik məktubu səsləndirilib.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova akademik Rəfiqə Əliyevanın müasir Azərbaycan qadın hərəkatının öncül simalarından biri kimi tanındığını qeyd edib.
ICESCO Baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif isə akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. 


Professor Dilarə Seyidzadə isə akademik Rəfiqə Əliyeva ilə bağlı xatirələrini bölüşüb, onun dəyərli alim, elm fədaisi olmaqla yanaşı, xeyirxah qəlbə sahib gözəl ailə sahibi, əsl dost olduğunu diqqətə çatdırıb.


Akademik Rəfiqə Əliyevanın qızı, dosent, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova beynəlxalq konfransın təşkilinə görə minnətdarlığını bildirib. 


Qeyd edək ki, iki gün davam edəcək konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.


Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan kimi xarici ölkələrdən, ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən konfransda analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə məruzələri də dinləniləcək.
 


1 il əvvəl